"Vergi cəlladı”nın adamı Zaqatala Ərazi Vergilər İdarəsinə necə rəis təyin olunub? -Pərvin Əhmədovun qaranlıq keçmişi
Ötən ay 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinə rəis təyin olunan Pərvin Əhmədovun “karyera yüksəlişi”nin bəzi pərdəarxası məqamları üzə çıxıb.Vergilər naziri Mikayıl Cabbarovun təqribən ay əvvəl imzaladığı əmrlə 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinin rəhbərliyinə gətirilən Pərvin Əhmədovun bu irəliləyişi onun himayədarlarının vergi sistemində güc və təsir imkanlarını hələ də qoruyub saxladıqlarını birbaşa təsdiqləyir.
7gun.org xəbər verir ki, AzFakt.com-a daxil olan məlumata görə, Pərvin Əhmədov bu təyinatına görə ilk növbədə adı “MTN işi”ndə hallanan, ləğv edilmiş həmin nazirliyin sabiq rəhbəri Eldar Mahmudovun “vergi cəlladı” kimi tanınan Vidadi Məmmədova, o cümlədən, vergilər nazirinin müavini İlkin Vəliyevə minnətdar olmalıdır.
V. Məmmədovun kadrı olaraq, onun əlini hər zaman kürəyində hiss edən yeni rəis eyni qaydada Vəliyevin də birmənalı himayəsi altındadır. Hər halda, bu şəxslərin dəstəyi olmasaydı, fəaliyyəti dövründə yol verdiyi qanunsuzluqlar üzündən reputasiyasıni büsbütün korlayan, hətta “ümumi daxıl”dan vəsait yayındırdığına görə cəzalandırıldığı deyilən Pərvin Əhmədovun o vəzifəyə təyinatı baş tutmazdı.
Pərvin Əhmədov adları çəkilən şəxslərin sayəsində sadəcə, vəzifə pillələrində irəliləməklə kifayətlənməyərək, özünə yetərincə geniş biznes şəbəkəsi qurmağa da nail olub. “Malakan” bağında yerləşən “Bogner” brend mağazasının sahibi olduğu bildirilən P. Əhmədov Almaniya ilə irihəcmli ticarət əlaqələri quraraq, sərvətini günbəgün artırmaqdadır. Şübhə yoxdur ki, o, bu “missiya”sını yeni təyin olunduğu vəzifədə də davam etdirəcək.
Amma burada olduqca müəmmalı bir məsələyə toxunmamaq mümkün deyil. Adı Eldar Mahmudovun cinayətlərində hallanan “vergi cəlladı”nın himayə etdiyi şəxs sözügedən sistemdə kifayət qədər yüksək vəzifəyə necə təyin olunub? Tamam, bu məsələdə onu verilən dəstəyi yuxarıda vurğuladıq.
Lakin maraqlıdır, Vergilər Nazirliyində tətbiq olunmuş kadr təyinatı üzrə “filtr” bu qədərmi təsirsizdir ki, kirli reputasiyaya malik olan birisi rahatlıqla İdarə rəisi vəzifəsinə yerləşdirilə bilir? Digər tərəfdən, vergi sistemində müsbət dəyişikliklərin müşahidə olunduğu bir dönəmdə iş bioqrafiyasında müsbət detal olmayan belə bir adamın o vəzifəyə irəli çəkilməsi absurddan başqa bir şey deyil.
Ancaq bütün hallarda qoyulmuş sual öz aktuallığını saxlayır: Pərvin Əhmədov hansı məntiqlə o posta gətirilib?