Nazirə güvənən məmur üsyana səbəb olur?
Ötən həftə redaksiyamıza daxil olan məlumatlar əsasında dərc etdiyimiz, ''Samir Şərifov Şəmkirdə üsyana zəmin yaradır?'' başlıqlı yazıdan sonra, yenidən redaksiyamızı bilgiləndirən mənbə qeyd edib ki, saytınızda dərc olunan məqalədən xəbər tutan Qoşun Heydərov rayona Maliyyə Idarəsinin müdiri vəzifəsinə gəlməsi ilə bağlı fikirində israrlı olduğunu bildirib. O, qeyd edib ki, ''mətbuatın nə yazmasından asılı olmayaraq, mən arxamda dayanan yüksək vəzifə sahibinə güvənirəm və Şəmkirə gəlməkdə israrlıyam.'' Onu da qeyd edib ki, ''Şəmkirlilər mənə heç nə edə bilməz. Çünki, mənim arxa-dayağım güclüdür.''
Hörmətli oxucular, əlavə şərhə ehtiyac duymadığımızdan və sizi yormaq fikirində olmadığımızdan, ötən həftə Qoşun Heydərovla bağlı dərc olunan yazını yenidən sizlərin diqqətinə çatdırmağı özümüzə borc bildik. Beləliklə həmin yazını təqdim edirik: ''Şəmkir ƏƏSMM-nin rəisi vəzifəsini daşımış və il yarım işsiz qalmış Qoşun Heydərov əhaliyə ayrılan müavinətin ödənilməsi prosesində ciddi problemlər yaradıb.
Belə ki, rayon sakinlərinə ayrılan müavinətin 7 ayını mənimsəyib, 3 ayın pulunu isə camaata ödəyib. Bu cür haqsızlığa dözməyən yerli camaat arasında böyük narazılıq yaranır. Bundan sonra ƏƏSMM-nin rəhbərliyi tərəfindən, vəzifə sahibi olan Qoşun Heydərovun ərizəsi alınaraq işdən kənarlaşdırılır. Bu olay 2014-cü ildə baş versə də, gözəgörünməz qüvvələr tərəfindən əhalinin narazılığına səbəb olaraq işdən çıxarılan qalmaqallı məmur 2015-ci ildə Ağstafa rayonunun Maliyyə idarəsinə rəis təyin olunur. Mötəbər mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Qoşun Heydərov kabinet baxımından da standartlardan kənara çıxıb. Belə ki, o kabinetindəki əyləşdiyi ərazini teatrlardakı səhnələrə bənzədərək hündürə qaldırıb. Yəni qəbuluna gələn vətəndaşlar, rəisin üzünə baxmaq üçün, gərək aşağıdan yuxarı baxsınlar.
Daxil olan məlumatlardan o da aydın olur ki, Ağstafada maliyyə problemlərinə və eyni zamanda bir çox nöqsanlara da yol vermiş Qoşun Heydərov Maliyyə Naziri Samir Şərifovun xeyr-duası ilə yenidən Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis təyin olmağa hazırlaşır. Artıq bu məsələdən xəbər tutan Şəmkir camaatı narahat olmağa başlayıblar .
Bölgədəki mənbəmizin verdiyi məlumata görə, əhali arasında belə bir söz-söhbətlər də gəzir ki, ''əgər Qoşun Heydərov təkrar olaraq Şəmkirə hər hansı bir vəzifəyə gələrsə, yerli camaat yenidən üsyana qalxa bilər.'' Belə olan halda sual olunur ki, Maliyyə Naziri Samir Şərifov hansı maraqlar əsasında Şəmkirdə üsyana səbəb olacaq addımlar atır...?'' Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə çıxışında bildirib ki, məmurlar xalqa xidmət etməlidir. İnsanlarda narazılıq yaratmamalıdır. Ancaq buna baxmayaraq, şəmkirlilərin narazılığına səbəb olmuş və yerli sakinlərin haqlı etirazına görə, vəzifə daşıdığı rayondan kənarlaşdırılır. Maraq doğuran hal odur ki, həmin məmurun yenidən qovulduğu rayona qayıtmasının səbəbi nə ola bilər? Bu sualın cavabını yerli sakinlər qısa və konkret ''qisas'' deyə bildirdilər.
GundemXeber.Az