İkram Rəhimovun məhkəməsində təhsil idarəsinin müdiri ifadə verib
Bakı Ağr Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zakir Hüseynov ifadə verib.
Əvvəllər məktəb direktoru olduğunu deyən zərərçəkmiş hazırda Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığını bildirib.
Z.Hüseynov söyləyib ki, İ.Rəhimov məktəb direktoru işlədiyi dövrlərdə elm olcağına jurnalist kimi gəlib, barəsində yazı yazıb: “2014-cü ildə bir dəfə zəng elədi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirdi”.
İ.Rəhimov zərərçəkmişin dediklərinə etiraz edib. O qeyd edib ki, Z.Hüseynov daha əvvəl çalışdığı “Hürriyyət” qəzetinə abunə olub, zərərçəkmiş pulu da buna görə verib.
Daha sonra digər zərərçəkmiş Rafiq Əbilov dindirilib. O, Ekologiya və Təbii Sərvətlər Nairliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru olduğunu söyləyib.
Zərərçəkmiş ifadə verən zaman İ.Rəhimovu şəxsən tanımadığını, təqsirləndirilən şəxsin saytında onun barəsində yazı yazdığını, tanışı vasitəsilə 300 manat pul verib, həmin məqaləni çıxartdırdığını qeyd edib.
R.Ədilov təqsirləndirilən şəxsdən şikayəti olmadığını deyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.
Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işində 6 zərərçəkmiş var. //Report//