ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər
ABŞ Dövlət Departamentinin hesabatı heç bir fakta, araşdırmaya söykənmir. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Səyavuş Novruzov ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının vəziyyətinə dair hesabatını "Amerikanın səsi" radiosuna şərh edərkən deyib.
"Dövlət Departamenti köhnə materialları belə dəyişdirmədən dərc edib. Yəni, Əli Kərimlinin, Milli Şuranın bəzi üzvlərinin yazdıqlarının nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil ediblər. İstinad etdikləri mənbə nədir? Ailə üzvlərimi? Ailə üzvləri deyəcək ki, onun qohumu cinayət törədib? İnsanları toka vermək, ayaqlarının altına dubinka ilə, belə deyək də, vurmaq, nə bilim, nə... Orada olmusan, iştirak etmisən, görmüsən? Hansı əsasla yazmısan?", o sual edir.
Onun sözlərinə görə, bazar, çayxana, küçə söhbətləri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalıdır".
O, hesabatı birtərəfli hesab edir. Belə hesabatların yayılmasında xüsusi maraqlar var. "Çünki Azərbaycanın müstəqil siyasəti onlara sərf etmir. Onlar istəyirlər ki, Azərbaycan dövləti onların diqtəsi ilə durub-otursun, digər ölkəyə", - S.Novruzov vurğulayıb.
"Azərbycanda 20-dən çox İnternet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub Youtube, digər beynəlxalq İnternet resursları vasitəsi ilə Azərbaycana qarşı söyüş, böhtan kampaniyası aparılır. Bunun başında da Dövlət Departamentində oturanlar durur. B, onların maliyyəsi, öyrətməsi nəticəsində baş verir", - S.Novruzov bildiri
"Mən də soruşa bilərəm Kennedini kim öldürüb? Getsinlər tapsınlar. Kennedini öldürəni niyə indiyədək tapa bilmirlər? Və yaxud Quantanamoda edilən işgəncəyə görə kimsə cəzalandırılıb? Bir-ikisinin adını açıqlasınlar", - o qeyd edib.
Öz növbəsində araşdırmaçı-jurnalist, siyasi məhbusların hazırlanması üzrə işçi qrupun üzvü Xədicə İsmayılova hesab edir ki, hesabat ölkədə insan haqları sahəsində pozuntuları kifayət qədər əks etdirir. O qeyd edib ki, insan haqları pozuntularının miqyası orada əks olunduğundan daha böyükdür. Bu dəfə daha çox sayda və daha çox növdə insan haqları pozuntusuna yer ayrılıb.
"Bu təqdirəlayiq haldır ki, diplomatik nümayəndəlik bu halları müşahidə etməyə vaxt tapıb və bunları əks etdirib", - X.İsmayılova vurğulayıb. Eyni zamanda o hesab edir ki, hesabatın bir çox yerlərində, xüsusilə qadınlara qarşı zorakılıqla, qadın hüquqları ilə bağlı hissələrində boşluqlar var.
Hüquq mühafizə orqanlarının apardığı əməliyyatlar zamanı insanların heç bir səbəb göstərilmədən, izahat verilmədən öldürülməsi, istintaq altında olan insanların öldürülməsi faktlarının hesabatda əksini tapması təqdirəlayiq haldır. Onun fikrincə, bu halların beynəlxalq səviyyədə araşdırılmasına ehtiyac var.
"Yaxşı olardı ki, Dövlət Departamenti bunun ardınca BMT-dəki missiyasını hərəkətə gətirsin və BMT-də bu faktların araşdırılması, Azərbaycan hökumətindən hesabat tələb olunması ilə bağlı addımlar atılsın. Çünki Azərbaycanda artıq son üç ildə xüsusi xidmət orqanlarının, hüquq mühafizə orqanlarının xüsusi əməliyyat apardığı zaman insanların heç bir səbəb olmadan öldürülməsi ənənə halını alıb və bu halların miqyası olduqca ciddi naratlıq doğurur", - jurnalist bildirib.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli hesab edir ki, ABŞ Dövlət Departamentinin hesabatı reallığı əks etdirir. Ancaq Azərbaycanda vəziyyət hesabatda təqdim olunduğundan daha ağırdır. Onun fikrincə, Azərbaycan vətəndaşlarına qarşı bu əməlləri törədənlərə ABŞ tərərfindən sanksiyaların tətbiq olunmasının vaxtıdır.
Onun fikrincə, güc qurumları, məhkəmələr ciddi pozuntulara yol veriblər və buna görə kimsə cavab verməlidir. Azərbaycan hakimiyyəti işgəncə törədən vəzifəli şəxsləri sorğulamır. Əksinə, onların vəzifəsi yüksəldilir. İstintaq orqanları o qədər konstitusion nəzarətdən çıxıb ki, hətta görüntü üçün də nə isə etməyə ehtiyac görmürlər.
"Hər hansı əsas olmadan adamlara qarşı saxta cinayət işi açırlar. Mətbuat demək olar ki, susdurulub, jurnalistlər təqib olunur. Artıq üçüncü dəfədir ki, Milli Şuranın mitinqləri qadağan edilir", - C.Həsənli vurğulayıb.