Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi


Bu gün ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir dünən axşam Bakıda MSK-nın önündə keçirilən etiraz aksiyası zamanı jurnalistlərə qarşı amansız rəftar, həbslər və zorakılıq hadisələrinə görə təəssüfləndiyini bildirib.

“İctimai etirazı işıqlandıran jurnalistlərə qarşı hüquq-mühafizə orqanlarının amansız rəftarı, həbslər və zorakılıq hadisələri məni çox narahat edir. Bu, xüsusilə yolverilməzdir, çünki jurnalistlər qanunvericilik orqanına seçkilərin nəticələri ilə bağlı ictimai maraq kəsb edən hadisələri işıqlandırıblar”, - A.Dezir əlavə edib.

7gun.org Tran İA-nə istinadən xəbər verir ki, ştatdankənar əməkdaş kimi fəaliyyət göstərən və ya müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən “Amerikanın səsi” (“Amerikanın səsi” radiosunun Azərbaycan xidməti), “Azadlıq” radiosu (RFE / RL Azərbaycan xidməti) və “Meydan” TV-də çalışan ən azı 8 jurnalist 2020-ci il fevralın 11-də Bakıda etiraz aksiyası dağıdılarkən hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən amansız rəftara, saxlanmaya və hücuma məruz qalıb.

A.Dezir “Bastainfo.com” onlayn- platformanın redaktoru Mustafa Hacıbəylinin döyülməsi, jurnalist Aynur Elgünəsin başından zərbə alması, jurnalist Sevinc Vaqifqızının üzündən zərbə və əlindən xəsarət alması barədə məlumatları xüsusilə qeyd edib.

“Mən hakimiyyəti bu hadisələri operativ araşdırmağa, günahkarların hamısını məsuliyyətə cəlb etməyə və zərərçəkənlərə müvafiq müdafiə vasitələri təqdim etməyə çağırıram”, - A.Dezir deyib. “Kütləvi informasiya vasitələri ictimai tədbirləri işıqlandırmaq hüququna malikdir, hüquq-mühafizə orqanları isə hər zaman jurnalistlərin azadlıq və təhlükəsizlik hüququna hörmətlə yanaşmalı və müdafiə etməlidir”, - o vurğulayıb.