"Rejimin cəzasızlığına dərhal son qoyulmalıdır"-İohann Bir


"Sərhədsiz Reportyorlar" (RSF) beynəlxalq ictimaiyyəti azad edilməsi uğrunda getdikcə genişlənən kampaniyaya gətirib çıxaran aclıq aksiyasına başlamasından üç həftə sonra hələ də bloger Mehman Hüseynovu azad etməkdən və ona qarşı yeni ittihamları ləğv etməkdən imtina edən Azərbaycan hakimiyyətinə təzyiqi gücləndirməyə çağırır.

Bakıdakı rejim dördüncü həftədir aclıq edən Mehman Hüseynovu azad etmək çağırışlarına məhəl qoymamaqda davam edir. Ailəsinin xahişi ilə o, maye və qatıq qəbul etməyə başlayıb.

O, azad edilməsinə iki ay qalmış ona qarşı yeni ittihamlar irəli sürüldükdən sonra aclıq aksiyasına başlayıb.

Onun etirazı vətəndaş cəmiyyətinin böyük təqiblərə məruz qaldığı Azərbaycanda həmrəylik dalğasına səbəb olub. 20-yə yaxın dissident onun və digər siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyasına başlayıb. Onlar arasında məşhur jurnalistlər Xədicə İsmayılova və Tofiq Yaqublu, həbsdə olan jurnalistlər Fikrət Fərəməzoğlu və Elçin İsmayıllı və həbs edilmiş bloger Rəşad Ramazanov var.

Digər jurnalistlər və fəallar yanvarın əvvəllərində Hüseynova dəstək nümayiş etdirdiklərinə görə 25 günlük inzibati həbsə məhkum ediliblər.

Avropa və Birləşmiş Ştatlardan Hüseynovun azad edilməsi barədə çoxsaylı çağırışlara baxmayaraq, Azərbaycan hakimiyyəti indiyədək onun səhhətinin yaxşı olduğu haqqında məlumatlar və "anti-Azərbaycan qüvvələri" ittiham etməklə kifayətlənib.

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər", deyə RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri İohann Bir bildirib.

"Rejimin cəzasızlığına dərhal son qoyulmalıdır. Biz beynəlxalq ictimaiyyəti repressiyalarda əli olan əsas xadimlərə qarşı məqsədli sanksiyalar qoymağa çağırırıq".

RSF Avropa Parlamentini bu narahatlıqları əks etdirən təcili qətnaməni təsdiq etməyə və sabah təqdim etməyə çağırır. Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsini növbəti sessiyasında müzakirə edəcəyini elan edib.

2017-ci ilin martında ilkin həbsi zamanı ona işgəncə verdiyini bildirdiyi polisə guya "böhtan" atdığına görə həbsə salınmış Hüseynov rejimin tənqidçisi və yüksək səviyyədə korrupsiyanın ifşaçısı kimi məşhurdur.

O, həmçinin kütləvi informasiya vasitələrinin müdafiəsi ilə məşğul olan, hakimiyyət tərəfindən dəfələrlə təqibə məruz qalan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (İRFS) qeyri-hökumət təşkilatının rəhbəridir. Hazırda təşkilata Mehmanın ölkədən qaçmaq məcburiyyətində qalan qardaşı Emin Hüseynov rəhbərlik edir.

Azərbaycan SR-in 2018-ci il üçün Dünyada mətbuat azadlığı indeksində 180 ölkə arasında 163-cü yeri tutub. Əsas tənqidi kütləvi informasiya vasitələri bağlanmaq və ya xaricə köçmək məcburiyyətində qalıblar, əsas müstəqil veb-saytlar bloklanıb, minimum onlarla jurnalist hazırda həbsdədir, deyə bəyanatda bildirilir.

Turan