Rüstəm İbrahimbəyov Mehman Hüseynovla bağlı prezidentə müraciət etdi


Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov həbsdəki bloger Mehman Hüseynovun cəzaçəkmə müəssisəsində yenidən ittihamlarla üzləşməsi və buna etiraz olaraq artıq 12 gündür aclıq aksiya keçirməsinə reaksiya verib.

Rüstəm İbrahimbəyov bununla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib. Milli Şuranın sədri Cəmil Həsənli müraciəti “Basta”ya təqdim edib.

Müraciətdə deyilir:

Nə edəsən?! Əgər gözümüzün qarşısında bir gənci vicdan, şərəf və ləyaqət hissinə malik olduğu üçün ölümə sürükləyirlərsə, bundan sonra necə yaşayasan?!

80 yaşlı Əkrəm Əylisliyə qarşı səfeh bir cinayət işi qaldırmaqla bizim keçmişimizə, gənc Mehman Hüseynovu ölümə vadar etməklə isə bizim gələcəyimizə qəsd edirlər.

Artıq sayılı saatlar qalıb və belə getsə, proses qarşısıalınmaz müstəviyə keçəcək.

Mən Azərbaycan prezidentinə müraciət edirəm və bu cəza maşınını dayandırmağa çağırıram.

Biz öz övladlarımızın gələcəkdə normal həyat yaşaması naminə bu gün ən yaxşı gənclərimizi məhv etməli deyilik. Hələ bir əsr əvvəl bütün Şərqə azadlıq eşqi nümunəsi göstərmiş bir ölkədə özünü dövlətimizin əsaslarını məhv edən korrupsiya ilə mübarizəyə həsr etmiş bər gəncin edam edilməsi yolverilməzdir.