"Çox təəssüf ki, Azərbaycanın ali məktəblərinin jurnalistika fakültələrində tədris humanitar istiqamət üzrə aparılır".Əflatun Amaşov


"Çox təəssüf ki, Azərbaycanın ali məktəblərinin jurnalistika fakültələrində tədris humanitar istiqamət üzrə aparılır".

"Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O vurğulayıb ki, ölkədə elmin populyarlaşdırılması vacibdir: "Bir çox dövlətlərdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzrə də qurulur. Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq. Xarici ölkələrdə elm xadimləri ölkəyə valyuta gətirirlər. Azərbaycanda bu istiqamətə, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticələr əldə olunar".

Ə.Amaşov bildirib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: "Ona görə də biz elmi populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq. Hansı xalq ki, inkişafı elmdə görür, o xalq qlobal dünyada öz yerini tutacaq. Elmi populyar etməliyik ki, insanların şüuru bir istiqamətə yönəlsin. Əks istiqamət xurafatdır, cəhalətdir. Onu da görə-görə gəlmişik".