Fərhad Əliyevi, Heydər Babayevi, Ziya Məmmədovu, İsmət Abbasovu məğlub etmiş Kəmaləddin Heydərov da onların aqibətini yaşamaqdadır


Azərbaycanda hakim elitanın 90-lardan etibarlı, sədaqətli tərəfdaşı olan və uzun illər Dövlət Gömrük Komitəsinə sədrlik edən Kəmaləddin Heydərov ölkədə kölgə iqtisadiyyatının qurulmasında müstəsna xidmətləri olan məmurlarından biridir. AnaXeber.info yazır ki, bir çox hallarda iqtisadçı-şərhçilər gömrük gəlirlərini kölgə iqtisadiyyatının anası hesab edirlər.

K.Heydərovun fövqəladə hallar nazir təyin olunmasından sonra da gömrükdə vətəndaşlardan yığılan qeyri-rəsmi ödənişlər azalmayıb. Elə bunun nəticəsidir ki, deputat Vahid Əhmədov 27 ildə gömrükdə 27 milyardın mənimsənildiyini açıqlayır. Hətta onun 7 ilini istisna etsək, azı 20 milyard oğurlanıb. Millət vəkilinin eyhamından aydın olur ki, K.Heydərov gömrüyə daxil olan qara pullar hesabına böyük bir imperiyaya sahiblənib. Necə deyərlər, hakim elita “fövqəlnazir”ə dünən üçün təşəkkür edirsə də, bu gün isə yaxşı yol göstərir. Gömrükdə dəyişikliklər də göstərir ki, bu sistem Heydərovun nəzarətindən nəinki çıxır, hətta dünənki mənimsəmələrə görə sorğu-sual oluna bilər.

İqtisadçı-alim Qubad İbadoğlu təsdiqləyib ki, V.Əhmədovun dediyi rəqəmlər doğrudur. Lakin onun fikrincə, V.Əhmədovun məbləği azaldıb. Q.İbadoğlu statistik rəqəmlərlə sübut edir ki, daha böyük məbləğdə pullar yoxa çıxıb. Məsələn, 2013-də gömrükdə ödənişlər 5 milyard olub, onun 38 faizi büdcəyə getməlidir. Elə il olub ki, 1 milyard, elə il olub yarım milyard mənimsənilib. Kəsəsi, bu müddətdə 20 milyarddan az mənimsəmə olmayıb. İqtisadçının sözlərinə görə, bəzi mallar gömrükdə qeydiyyata salınmır. Qeydiyyata salanları isə gömrük dəyəri aşağı salınır. İbadoğlu qeyd edib ki, bu gün büdcəyə gömrük ödənişləri 3 milyardı keçib. Vaxt var idi ki, heç 1 milyardı keçmirdi. Bütün bu rəqəmlər və faktlar, deputatın gözlənilməz çıxışı məhz K.Heydərovun zəiflədildiyi dövrə təsadüf edir. Nazirin “vurulması” prosesinin çoxdan başladığını nəzərə alsaq, onun üçün “tikilən torba” hazırdı. K.Heydərov təkcə gömrükdə oğurlanan vəsaitlərə görə cavab verməyəcək, belə iddialar səslənir ki, o, həbs edilən sabiq deputat Hüseyn Abdullayevlə əlaqələrinin də hesabatını verməli olacaq. Bəzi xəbərlərdə “Quska”dan “fövqəlnazir” əleyhinə ifadə alındığı, 2013-cü ildən müxalifətin maliyyələşdirilməsiüçün Heydərovun keçmiş deputat vasitəsi ilə pullar ötürdüyü iddiaları var. Bu tezislər bir vaxtlar “torbasını tikərək” həbs edilməsində az-çox payı olan keçmiş nazir Fərhad Əliyev ssenarisinin K.Heydərov üçün hazırlandığını deməyə əsas yaradır.

V.Əhmədovun çıxışı həm də o zamana təsadüf edir ki FHN şefinin Maltadakı “Pilatus” bankını möhürləyiblər, rəhbərini çirkli pullar yumaqda ittiham edirlər. Bir sözlə, Fərhad Əliyevi, Heydər Babayevi, Ziya Məmmədovu, İsmət Abbasovu məğlub etmiş Kəmaləddin Heydərov da onların aqibətini yaşamaqdadır. Hakim elitanın daşlaşmış, kök atmış məmur oliqarxiyasına açdığı savaşın növbəti raundunda K.Heydərov “zəif bənd” olaraq yola salınmaqdadır. Onun “Qafqaz” otellərinin ad dəyişməsi, “Gilan” holdinqin əksər müəssisələrinin “Paşa” holdinqin nəzarətinə keçməsi, ardınca “Qəbələ” klubunun tənəzzülü, oğluna məxsus obyektlərin bağlanması, habelə gömrüyü tədricə itirməyə başlaması, 27 milyard ittihamı, “Quska” ilə əlaqələri iddiaları, vaxtilə maliyyələşdirdiyi media qrupların bağlanması, zəifləməsi fövqəlgücün süqut etməkdə olduğunu göstərməkdədir. Hər halda müşahidələr və proseslərin gedişatı belə qənaət yaradır.

İndi hər şeyi təhvil-təslim etməyə başlamış qocaman nazir qatarın çoxdan getdiyini anlamaqdadır. Hakim elita illərlə sərvətlər toplamış, bücdə talamış iri ranqlı məmurlarla haqq-hesab çürütməyi qarşısına prinspial maliyyə məsələsi kimi qoyub. Ziya Məmmədovun da vəzifədən çıxarılarkən tərki-silah edilməsi, Fərhad Əliyevin də biznesini təhvil verməsi, Fazil Məmmədov və digərlərinin də əlindəkini verməsi, indi də Eldar Mahmudov-Cahangir Hacıyev qudalarının oğurladığı və ölkədən çıxardığı milyardların geri qaytarılması üçün bədxərc Zamirə əməliyyatının başladılması göstərir ki, Kəmaləddin Heydərovdan da tələb eynidir: mənimsənilən və daşınmaz əmlaka, biznesə yatırılan maliyyəni qaytar, cinayət işi açılmasın, həbsxana qapıları sənə göstərilməsin. Bu hakimiyyətdaxili prosesin ən lokal nümunəsi isə K.Heydərov, E.Mahmudov, Z.Məmmədov qədər milyarder olmasa da, öz miqyasında külli miqdarda büdcə vəsaitləri mənimsəmiş keçmiş Bakı Lift İdarəsi direktoru Qüdrət Şükürovu göstərmək olar. Hətta deputat Fəzail Ağamalı təklif etmişdi ki, onun 10 milyona satışa çıxardığı hamamı aukisona qoyulsun. Deməli, iqtidarı sabotaj edənlər, büdcə talanını gizli şəkildə həyata keçirənlər və qeyri-rəsmi gəlirləri ən yüksək eşelondan gizlətməyə çalışanların cəzalandırılması prosesi getməkdədir.

İlk baxışda K.Heydərov isə digərlərindən fərqli olaraq, iqtidara kifayət qədər sadiq nazir olub, sona qədər sədaqətlə xidmət edib deyə bilərik. Onun “vurulması” isə Putinlə Ərdoğanın barışdırılmasında vasitəçi olduğunu Türkiyənin baş naziri Binəli Yıldırımın dilə gətirməsiydi. Hakimiyyət onun Rusiya və Türkiyə siyasi rəhbərlikləri ilə əlaqələrini qəbul etmək istəmədi. Bu, başqa problemlər yarada bilərdi. Necə ki, Ziya Məmmədovun oğlu ilə dost olan Donald Trampın ABŞ prezidenti seçilməsi Məmmədovları dingillətmişdi, dərhal “başını kəsdilər”. Həmçinin, onun keçmiş baş nazir müavini Abbas Abbasovla əlaqələrinə görə bağışlamadılar. İndi də FHN rəhbərinin “Quska” ilə münasibətləri barədə iddialar onun vəziyyətini dolaşığa salıb. Odur ki, istərsə alpinistlərin tapılmamasında, istərsə dənizdə qayıqçıların itkin düşüb ölüsünün çıxarılmasında FHN-ə yönəlik tənqidlər də K.Heydərovun “vurulması”nın kiçik detalları idi. İndi isə proses böyüyüb, 27 milyardlıq ortada bir ittiham var.