"İNTER TEXTİLE" tikiş fabrikinin işçiləri maaşlarını tələb edirlər
"Gətirib pulumuzu versinlər. Qəpiyinə qədər bizim pullarımızdır. Biri gedib Saraydan, biri "novostroyka”dan ev alıb. Gəlsin, versin pullarımızı. Mən bir ildən çoxdur ki, sürünürəm burada".
Sumqayıtda yerləşən "İNTER TEXTİLE" tikiş fabrikinin işçiləri ötən ildən ödənilməyən maaşlarını tələb edirlər. Onlar bu ilin iyununda işdən çıxarılıblar. Müəssisədən işçilərə qurumun ləğv edildiyi deyilib.
"Bizi 3 aydır ki, işdən çıxarıblar. Deyirlər, təzə qurum gəlib - "ASK". Ora işə girəcəksiniz. Ərizə yazmışıq, ancaq hələ qəbul yoxdur. Keçən ilin iyun ayından dekabracan olan maaşlarımız ala bilmirik. Bu saat hamının işığa da, suya da borcu var. Deyir: "Gedin, pulun əvəzində köynək götürün”. Köynəklə açarlarmı işığı? Deyək, "al bu köynəyi, aç işığı, televizora baxaq biz?"-şikayətçi deyir.
"Mən istəyirəm işlədiyimin pulunu alım. Hər gələndə nə qədər yol pulu verirəm. Hər şeyin qiyməti qalxıb. Maaş azdır. Onu da gecikdirəndə, biz nə edək? Acından ölək?"-Samirə Səfərova deyir.
"İnter Textile" ASC-nin binasında fəaliyyət göstərən "ASK Tekstil" MMC-nin nümayəndəsi yeni qurumun bu məsələdə məsuliyyət daşımadığını bildirib.
"İnter Textile" ASC 2008-ci ildə filan qədər maliyyə ilə yaradılıb. Ötən ilin dekabrında vətəndaşlar 6 aylıq maaşlarının yolunu gözlərkən, İlham Əliyev qurumun rəhbəri Şakir Musayevi "Tərəqqi" medalı ilə təltif edib.
"2 milyonluq mal satıldı. Hanı o pullar? Şakir müəllim, onun yanındakılar yedilər. İndi də Şakir müəllimi çağırırıq, yoxdur. Yuxarıdadır, düşmür aşağı",-Günay Məmmədova danışır.
İşçilər illərdir çalışdıqları binanın önündə saatlarla gözləsələr də, keçmiş rəhbərliklərindən onların qarşısına çıxan olmadı. Bir müddət sonra binada olan "İnter Textile"-in rəhbəri Şakir Musayev onlardan 10 nümayəndəni qəbul etdi. Verdiyi cavab isə işçiləri narazı saldı.
"Deyir, büdcəmizdə pul yoxdur. Deyir, istəyirsiz paltar götürün pulun yerinə, istəmirsiz, gedin oturun evinizdə, gözləyin",-Kübra İsmayılova deyir.
Qurumun rəhbəri Şakir Musayevlə əlaqə saxlamağa çalışsaq da, "jurnalist" olduğumuzu dedikdə dəstəyi asdı. Sumqayıt Rayon İcra Hakimiyyətinin mətbuat xidməti Eyvaz Qocayev onlara belə bir şikayət daxil olmadığını bildirdi.