“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin”Zümrüd Yağmur


“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin”

Avropada yaşayan azərbaycanlılara çağırış edib, onları siyasi məhbus ailələrinə yardım göstərməməyə səsləyən Qurban Məmmədovun bu addımı etiraza səbəb olub. Siyasi məhbus ailələri oktyabrın 11-də toplaşaraq, etirazlarını ifadə ediblər.

Vicdan məhbusu, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur siyasi məhbusların adından qalmaqallarda istifadə etməyə çalışanlara çağırış edib: “Qurban Məmmədov sosial şəbəkələrdə “siyasi məhbuslara yardımı dayandırın” çağırışı edib. Xahiş edirəm, heç kim öz oyunlarında, siyasi vətənşüvənliyində siyasi məhbusların adından istifadə etməsin”.

“Buna görə hakimiyyət utansın…”

Zümrüd Yağmur bildirib ki, kimlərsə siyasi məhbus ailələrinə böyük yardımlar edildiyini düşünürsə, yanılır: “Bəzən siyasi məhbuslarımızın dərmana və ya başqa təcili nəyəsə ehtiyacı olur. Bu halda, ailənin imkanı çatmayanda xaricdəki soydaşlarımıza müraciət olunur, “Mən də varam!” kampaniyasına qoşulanlar imkan daxilində problemin həllinə yardım göstərməyə çalışır. Kimlərsə xəyallarında 100 manatın yanına əlavə sıfırlar artırmasın. Çox cüzi məbləğdən söhbət gedir. Amma o cüzi məbləğlərə də ehtiyac olur. Mən bununla siyasi məhbus ailələrini miskin vəziyyətdə göstərmək istəmirəm. Bütün ölkədə insanlar acınacaqlı vəziyyətdə yaşayır. Belə vəziyyətə görə də utanacaq biz deyilik, hakimiyyətdir. Bizi bu masa arxasına yığan da hakimiyyət özüdür. Əzizlərimizi şərləyib həbs edib, vəkilsiz qoyub. Biz də məcbur olub, doğmalarımızın problemlərini çatdırırıq.


Biz heç bir siyasi təşkilatın təəssübkeşi deyilik”.

Zümrüd Yağmur onu da vurğulayib ki, siyasi mәhbus ailәlәrinin koordinasiya mərkəzi hansısa yardım almır və ayrılan yardımlara qarışmır. “Әvvəldən qərarlaşmışıq ki, biz koordinasiya mərkəzi olaraq pul məsələlərinə qarışmayacağıq. Amma bilirik ki, xaricdə yaşayan soydaşlarımızdan yardım edənlər var vә hansısa siyasi məhbusun maddi probleminin kritik olduğunu bildikdə, hara müraciət etmәyin mümkünlüyünü deyirik. Çünki biz də hamı kimi Facebookdan belə bir kampaniyanın olduğunu bilirik. Kampaniyanın şəffaf olduğunu da ona görə deyirik ki, ailə ilə sonrakı söhbətdə nəsə yardım alıb-almadığını soruşuruq, o da deyir və alıbsa, sәnәdlә tәsdiqini göstәrir”.

“Siyasi məhbus məsələsində riyakarlıq var”

Vicdan məhbusu, “Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin anası Atlas Hüseynova bildirib ki, insanlara azacıq da olsa, kömək olan bir iş niyə qadağan olunmalıdır?

“Siyasi məhbus məsələsində də riyakarlıq var. Övladlarımızın sağlamlığı, ömrü gedir. Bunun müqabilində cüzi yardımı da şişirdirlər. Onsuz da varlının balası haqqı demir. Haqqı deyən kasıbın balası olur. Avropada yaşayan bir soydaşımız ona 50 avro yardım edirsə, burada nə pis var?”

A.Hüseynova qeyd edib ki, az məbləğdə olsa belə, edilən yardımlar maddi baxımdan kömək olmaqla yanaşı, həm də mənəvi dəstəkdir: “Bu həm də İlkinin yada salınmasıdır, həm də mənəvi dəstəkdir. Bu kampaniya gizli də deyil”.

A.Hüseynova beynəlxalq təşkilatların münasibətindən, ayrı-seçkilikdən də gileylənib: “İlkin altı ildir həbsdədir, onun ancaq bundan öncəki sutkalıq həbsi ilə bağlı şikayətinə Avropa Məhkəməsi baxıb. O işdə təyin edilmiş 6 min kompensasiyanı indiyədək ala bilməmişik”.

“Oğlumu soruşanda dünya mənim olur”

Dindar fəal Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova da edilən yardımların mənəvi tərəfinə diqqət çəkib: “Kimsə zəng eləyib oğlumu soruşanda belə, dünya mənim olur. Mənim oğlum orada haqsız yerə çürüyür, bunu deyin, ailələrə edilən cüzi yardımı şişirtmək insanlıqdan deyil”.

Toplantıda siyasi məhbuslar arasında ayrı-seçkilikdən də danışılıb. Bildirilib ki, xaricdə keçirilən aksiyalarda bir qayda olaraq, eyni siyasi məhbuslarla bağlı problem qabardılır. Əksər siyasi məhbuslar isə diqqətdən kənarda qalır. Bir müddət öncə Hollandiyanın Haaqa şəhərində siyasi məhbuslarla bağlı aksiya yada salınıb. Qeyd olunub ki, oradakı stenddə bir neçə il əvvəl həbsdən buraxılmış siyasi məhbusların fotoları olsa da, hazırda həbsdə olan bir çox siyasi məhbuslar diqqətdən kənarda qalır: “Hamıya eyni gözlə baxılmalıdır. Siyasi məhbuslar arasında ayrı-seçkiliyə etiraz edirik. Bu işi görən soydaşlarımızdan da həssas davranmalarını xahiş edirik. Ədalətli yanaşsınlar. Həbsxanada 90 nəfərə yaxın inanclı var. Abbas Hüseyn 21-ci əsrdə çarmıxa çəkilib, niyə bunun üzərindən keçməliyik? Hakimiyyət göstərmək istəyir ki, ay aman, qoymayın, biz olmasaq, dindar-ekstremistlər ölkəni ələ keçirəcək. Niyə biz dünyaya, Avropaya göstərməyək ki, elə deyil, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov elmlər namizədidir”.

Qiyas İbrahimovdan siyasi məhbus mesajı

Tədbirdə bildirilib ki, siyasi məhbusların özləri də ayrı-seçkiliyə etiraz edir.

“Orada Fuadın şəkli vardı. Amma yenə də digər siyasi məhbuslara qarşı ayrı-seçkiliyə etiraz edir. Yada salınmayan, ya da şəkli orada olmayan hansısa siyasi məhbusun fədakarlıqları tarixdən silinmir. Amma istənilən halda, siyasi məhbusların özlərini də, ailələrini də ağrıdır. Gözəl Bayramlı hazırda yeganə qadın siyasi məhbusdur, amma təəssüf ki, çox vaxt diqqətdən kənarda qalır”, – AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli bildirib.

Heykəl məhbusu Qiyas İbrahimovun anası Şura Əmiraslanova da oğlunun siyasi məhbuslar arasında ayrı-seçkiliyə etiraz etdiyini söyləyib: “Haaqa sərgisindəki aksiyadan sonra Qiyasla bu barədə danışanda bu barədə fikirlərini bölüşdü. Düzü, ən çox gündəmdə saxlanılan siyasi məhbuslardan biri Qiyasdır. Bununla belə, Qiyas da, mən də ümumilikdə bütün siyasi məhbuslar arasında fərq qoyulmasının əleyhinəyik. Siyasi məhbus adı verilən adamların hamısı hansısa fəaliyyətinə görə bu adı alıb. Onların arasında ayrı-seçkiliyə yol verilməməlidir, eyni gözlə baxılmalıdır”.

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzinin həyat yoldaşı Nigar Həzi deyir ki, Azərbaycanda siyasi məhbusların sayı çox olduğundan, vaxtaşırı yeni adamlar siyasi motivlərlə həbs edildiyindən onların hamısını diqqətdə saxlamaq mümkün olmur.

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin”

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin”








Azadliq.info