İflic fəalın ev dustağına buraxılması barədə vəsatət təmin olunmayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic olmuş fəal Famil Xəlilovun işi üzrə hazırlıq iclası keçirilib. İclasa hakim Azər Tağıyev sədrlik edib.7GÜN XƏBƏR-in məlumatına görə, iclasın əvvəlində məlum olub ki, müttəhimə ittiham aktının surəti verilməyib.
Eyni zamanda Xəlilov deyib ki, o, "təqsirləndirilən" şəxs deyil, "böhtan atılan" şəxsdir.
Vəkillər Fariz Namazlı, Bəhruz Bayramov və Fəxrəddin Mehdiyev Xəlilovun birinci qrup əlil olduğunu əsas gətirərək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.
Bundan əlavə, vəkillərin sözlərinə görə, Xəlilov özünü günahkar hesab etmir, bəraət almaq niyyətindədir və buna görə də məhkəmədən gizlənməyəcək. Eyni zamanda, vəkillər qeyd ediblər ki, bir il əvvəl İsveçdən deportasiya edildikdən sonra səhhətinə görə evdən çıxmayıb. Buna görə də onun bir yerdə gizlənmək üçün fiziki imkanı yoxdur.
Xəlilov bildirib ki, əsassız həbsinə etiraz olaraq avqustun 15-dən aclıq edir.
O, aclığın dayandırılması barədə xahişlərə mənfi cavab verib.
Fəal qeyd edib ki, cinayət işinin dayandırılmasını tələb etməklə yanaşı, aclıq aksiyası həm də onunla əlaqədardır ki, yenidən qida qəbuluna başlayarsa, təbii ehtiyaclarını ödəməli olacaq və əlil olduğunu nəzərə alaraq, hazırkı şəritdə bu, demək olar ki, mümkün deyil.
Lakin prokuror vəsatətin təmin edilməsinə qarşı çıxıb və məhkəmə Xəlilovun ev dustaqlığına buraxılması barədə tələbi təmin etməyib.
Növbəti məhkəmə iclası sentyabrın 5-nə təyin edilib.
* Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (satış məqsədilə külli miqdarda narkotik maddənin hazırlanması, daşınması, saxlanması) ittiham irəli sürülüb. Fəalın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Qohumları onun günahsız olduğunu və sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazılara görə cəzalandırıldığını bildirirlər.
Avqustun 15-də Famil Xəlilov azadlığa buraxılması tələbilə aclığa başlayıb.
/Turan/