Polad Aslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib-VİDEO


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi, yəni dövlətə xəyanət və 134-cü, yəni ölümlə və ya ağır, bədən xəsarəti yetirməklə hədələmə maddələri ilə ittiham olunan jurnalist Polad Aslanovun təqsirlənməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

7gun.org-ın məhkəmə prosesində iştirak edən əməkdaşının sözlərinə görə Polad Aslanov sözlərinin yaxşı eşidilməsindən ötrü məhkəmə zalında olan mikrofonun yandırılmasını tələb edib. Lakin prosesə sədrlik edən hakim Faiq Qəniyev Polad Aslanovun istəyini təmin etmıyib. Bundan sonra Polad Aslanov və onun ailə üzvləri məhkəməyə etiraz etməyə başlayıb. Buna görə də hakim məhkəmə zalının boşaldılması barədə qərar qəbul edib. Polad Aslanov hakimlərə məhkəmədə media nümayəndələrinin və hüquq müdafiəçilərinin iştirakları təmin edilməyənə qədər prosesdə iştirak etməyəcəyini bildirib. Yaranmış gərginlik aradan qaldırıldıqdan sonra məhkəmə jurnalistləri və hüquq müdafiəçilərini zala buraxıb.

Polad Aslanovun vəkili Elçin Sadıqov sədrlik edən hakim Faiq Qəniyevə etiraz edib. Bunu onun 1998-2013-cü illərdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləməsi və belə olan halda onun maraqlı tərəf ola biləcəyi ilə əsaslandırıb. Polad Aslanovun digər vəkili Kamran Musayev Elçin Sadıqovun vəsatətini müdafiə edib. Dövlət ittihamçısı məhkəmədən müdafiə tərəfinin vəsatətini təmin etməməyi xahiş edib. 

Vəsatət müşavirə otağında Məhkəmə Kollegiyasının digər iki hakimi tərəfindən müzakirə edilərək təmin olunmayıb.

Bundan sonra Polad Aslanov vəsatətlərin təmin olunmamasına etiraz olaraq əl çalıb və qəfəsin qapısını döyüb.

Polad Aslanov bu gündən etibarən siyasi fəaliyyə başladığını və Milli Şuranın rəhbərliyinə təşkilata üzvlüyə qəbul edilməsindən ötrü müraciət edib.

Prosesə sədrlik edən hakim Faiq Qəniyev Polad Aslanova bir neçə dəfə xəbərdarlıq edib və ona məhkəmə prosesinin keçirilməsinə mane olmağa davam edəcəyi təqdirdə növbəti prosesləri onun iştirakı olmadan keçirəcəyini bildirib.

Vəkil Elçin Sadıqov jurnalist Polad Aslanovun barəsində olan cinayət işinə xitam verilməsi və onu məhkəmə zalından azadlığa buraxılması barədə məhkəməyə növbəti vəsatət verib. Vəkil Elçin Sadıqov vəsatəti cinayət işinin yalnız Polad Aslanovun təzyiq altında özünə qarşı verdiyi ifadələr əsasında qurulması ilə əsaslandırıb. 

Elçin Sadıqov Polad Aslanovun daimi yaşayış yerinin olduğunu, səhhəti ilə bağlı ciddi problemlərin yaşadığını, şəxsiyyət vəsiqəsinin və xarici pasportunun cinayət işi üzrə materiallara əlavə edildiyini, ona görə də onun qaçıb istintaqdan gizlənməsi mümkün olmadığını bildirərək, onun barəsində olan həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edlməsini xahiş edib.

Vəkillər həmçinin iş üzrə zərərçəkmiş şəxs Dəyanət Babayevin məhkəmə prosesində iştirakının təmin edilməsini xahiş edib. Məhkəmə isə onun səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəyini və məhkəməyə teleqram göndərdiyini elan edərək, məhkəmə prosesinin zərərçəkmiş şəxs olmadan davam etməsi barədə qərar qəbul edib.

Məhkəmə kollegiyası cinayət işində dövlət sirri və xüsusi xidmətlərin fəaliyyəti ilə bağlı hissələr olduğuna görə növbəti məhkəmə proseslərinin qismən qapalı keçirələcəyini bildirib. Növbəti məhkəmə prosesi fevral ayının 10-a təyin olunub. 

Qeyd edək ki, Polad Aslanov 12 iyun 2019-cu ildə saxlanılıb və AR CM-in 274-cü, yəni dövlətə xəyanət maddəsi ilə təqsirli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

İstintaq dövründə Polad Aslanova qarşı AR CM-in 134-cü, yəni ölümlə və ya ağır, bədən xəsarəti yetirməklə hədələmə maddəsi ilə daha bir ittiham irəli sürülüb.