Vəkilləri məhkəmədən jurnalistlər üçün bəraət istəyiblər
Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı və “Səda” TV-nin əməkdaşı Elnur Şükürovun işi üzrə prosesdə vəkillər müdafiə çıxışı ediblər. Məhkəmə fevralın 9-da Əvəz Zeynallı və Elnur Şükürovun son söz çıxışı ilə davam edəcək.
7GÜN XƏBƏR-in "Turan"a istinadən məlumatına görə vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Əvəz Zeynallının vəkilləri ittihamlar üzrə cinayət işinə xitam verilməsini xahiş ediblər.
“Hesab edirik ki, həm Əvəz Zeynallının, həm də Elnur Şükürovun əməllərində cinayət tərkibi yoxdur. Ona görə də bəraətverici əsaslarla cinayət işinə xitam verilməlidir”, - o qeyd edib.
Dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.
Eyni zamanda, prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb.
Prokuror Elnur Şükürovun 312-1.1-ci maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.
*Sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də isə məhkəmə onların hər ikisini həbs edib. İstintaqın məlumatına görə, Sadıqovun vasitəçiliyilə Zeynallı həbsdə olan sahibkar Rasim Məmmədovun ailəsindən pul alıb ki, onun haqqında böhtan xarakterli məlumatlar dərc etməsin.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Elçin Sadıqovu ev dustaqlığına keçirib, onun işini ayrı icraata götürüb.
Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1 maddəsilə (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs edilib.