Tanınmış jurnalistə qarşı böhtan kampaniyasına son verilsin! – Jurnalistlərin müraciəti


“Məlumdur ki, Xural.TV Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallıya qarşı hakimiyyətdən maliyyələşən bəzi media qurumları və şəxslər tərəfindən qarayaxma kampaniyası başlayıb. Görünür, Əvəz Zeynallının “Tərtər işi” və digər bu kimi dövlət üçün əhəmiyyətli olan hadisələr barədə obyektiv jurnalist araşdırması aparması hakimiyyətdə bəzi vəzifə sahiblərini narahat etməkdədir və onlar media rəhbərini susdurmaq üçün öz şər vasitələrindən yararlanmaq istəyirlər”.

Bu fikirlər Xural.TV rəhbərinə qarşı başlanan qarayaxma kampaniyasına etiraz edən media rəhbərlərinin bu gün yayımlanan müraciətində öz əksini tapıb. Jurnalistlər Əvəz Zeynallıya qarşı sifarişlə başladılan, böhtan və şər üzərində qurulmuş hücuma dərhal son verilməsini və hakimiyyəti günahkarların cəzalandırılması istiqamətində addımlar atmağa çağırıb:

“Biz Əvəz Zeynallıya qarşı təşkil olunmuş bu çirkin oyunun səbəbkarlarının cəzalandırılmasını tələb etməklə Xural.TV Media Qrupu kollektivinin fəaliyyətini, ədalətli mövqeyini dəstəklədiyimizi bəyan edirik”.

Qeyd edək ki, müraciəti jurnalistlər İkram Rəhimov, Elşən Əlisoy, Kamal Əsgərov, Şirin Cəfəri, Cavid Şirəliyev, Kazım Ağamikayıloğlu, İlqar Salmanov, Nüsrət İsaoğlu və digərləri imzalayıb.

Xatırladaq ki, dünən jurnalist Eynulla Fətullayev, Əvəz Zeynallının güya Rasim Məmmədovun ailəsindən 20 min manat pul aldığı haqqında sosial şəbəkədə paylaşım edib. Bundan sonra Rasim Məmmədovun hüquqlarını müdafiə edən tanınmış vəkil Elçin Sadıqov mediaya açıqlama verərək Eynulla Fətullayevin yazdıqlarını yalan və böhtan olduğunu açıqlamışdı. Bu gün Reallıq.tv – nin sorğusunu cavablandıran Elçin Sadıqov bir daha Əvəz Zeynallı haqqında söylənənlərin yalan olduğunu təsdiq edib: “Mən Rasim Məmmədov və ailəsinin yazılanlarla bağlı fikirlərini ifadə edə bilərəm. Hüquqlarını müdafiə etdiyim şəxs və ailəsi Əvəz Zeynallıya pul verməyiblər. Səs yazısında Əvəz bəyin barəsində danışdığı vasitə mənim ona verdiyim sənədlərdir. Həmin danışıqda bizim aramızda olub. Əvəz bəy pul alması haqqında yazılanlar yalan və böhtandır”.

Tanınmış jurnalist Əvəz Zeynallı açıqlamasında hazırda həbsdə olan Rasim Məmmədovu daim tənqid etdiyini və onun həbsinin səbəbləri barədə danışarkən ciddi sənədlərə sahib olduğunu bildirib. Eynulla Fətullayevin şər və böhtan dolu paylaşımlarına münasibət bildirən Əvəz bəy, Fətullayevin sifariş icra etdiyini və bu böhtanın arxasında hakimiyyətdə təmsil olunan bəzi vəzifə sahiblərinin olduğunu bildirib. Xuralın rəhbəri bildirib ki, Eynulla Fətullayev ondan üzr istəməli və yazdığı böhtana görə qanun və ictimaiyyət qarşısında cavab verməlidir.