Səfirlik “Media haqqında” Qanunla bağlı çağırış etdi
ABŞ Səfirliyi Azərbaycan hökumətini "Media haqqında” yeni qanunu ATƏT standartlarına və öz beynəlxalq öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırıb.Prezident İlham Əliyev fevralın 8-də "Media haqqında” Qanunu imzalayıb.
“7GÜN XƏBƏR”in məlumatına görə, "Turan” həmin qanuna ABŞ-ın Azərbaycandakı səfirliyinin münasibətini öyrənib.
Səfirliyin rəsmi nümayəndəsi bildirib ki, onlar yeni qanunun müstəqil jurnalistlərin, KİV sahəsində ekspertlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının fikri nəzərə alınmadan qəbul edilməsindən və imzalanmasından narahatdır.
"Prezident Əliyevin imzaladığı qanunun tədqiqinə davam edirik və səbrsizliklə bu və digər ekspertlərin bu qanunu təhlil etməsini gözləyirik. Hökuməti yeni qanunu ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırırıq”, - deyə səfirlik bildirib.
Fevralın 8-də prezidentin təsdiqlədiyi qanun Milli Məclisin ötən ilin sonu – dekabrın 30-da keçirilən iclasında qəbul olunub.
Qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
Odur ki, ötən il dekabrın 28-də bir qrup azərbaycanlı jurnalist Milli Məclisin önündə "Media haqqında” yeni qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçirib.
İştirakçılar bildiriblər ki, yeni qanun Azərbaycanda olan qapalı media mühitinin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.
Təkcə jurnalistlər yox, hüquqşünaslar, media ekspertləri və təşkilatları da yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciətlər yayıblar. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər.
Daha sonra isə Prezident İlham Əliyevdən qanunu imzalamamasını istəyiblər.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç isə düşünür ki, Azərbaycanda yeni qəbul edilmiş "Media haqqında” Qanun ölkədə ifadə və media azadlığının vəziyyətini daha da pisləşdirir: "Qanun beynəlxalq ifadə və media azadlıqları dair standartlarına uyğun gəlməsi sarıdan ciddi narahatlıq doğurur. Bu qanunun media sahəsini və jurnalist peşəsini nəzarətə aldığı görünür. Media isə azad, müstəqil, senzurasız olmalıdır”.