RATİ jurnalistin qətlində hakimiyyəti günahkar bilir
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini 24 yaşlı jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (Əvəz Hafizli təxəllüsü ilə tanınır) vəhşicəsinə qətlə yetirilməsinə səbəb olan qəsdən hərəkətsizliyə görə qınayır.Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Əvəz Şıxməmmədov fevralın 22-də günorta saatlarında bıçaqlanaraq öldürülüb.
İstintaqın versiyasına görə, qatil jurnalistin əmisi oğlu Əmrulla Gülalıyevdir, o, artıq saxlanılıb və istintaq müddətinə həbs edilib.
RATİ hesab edir ki, hakimiyyəti jurnalistin ölümünə görə məsuliyyətdən kənarda saxlamağa yönəlik bəyanatı ilə cinayəti həmyaşıdlar arasında məişət zəminində baş vermiş hadisə kimi təqdim etməklə Baş Prokurorluq və hüquq-mühafizə orqanları orta əsrlərə xas edamı xatırladan görülməmiş qəddarlığın detallarını qəsdən yerli və beynəlxalq ictimaiyyətdən gizlədib, jurnalistin boğazı və cinsiyyət orqanı kəsilib.
RATİ prokurorluğun bəyanatına şübhə ilə yanaşır və Azərbaycan hakimiyyətindən şəffaf araşdırma apararaq jurnalistin faktiki edamına görə məsuliyyət daşıyanların hamısının müəyyən edilərək cəzalandırılmasını tələb edir.
RATİ tərəfindən toplanan ilkin məlumatlar güman etməyə əsas verir ki, bu qətlə görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır.
Son bir il ərzində jurnalist dəfələrlə açıq şəkildə sosial şəbəkə isitifadəçilərini onun fiziki məhvinə çağıran hakimiyyətyönlü bloger Sevinc Hüseynovanın hücumlarından qorunmaq xahişi ilə hakimiyyət dairələrinə müraciət edib.
Jurnalist həmçinin həyatına görə ciddi şəkildə narahatçılıq keçirdiyi üçün hüquq-mühafizə orqanlarından təhlükəsizliyini təmin etməyi xahiş edib. Lakin hüquq-mühafizə orqanları jurnalistin müraciətlərinə məqsədli şəkildə məhəl qoymayıb.
Jurnalistin hüquq-mühafizə orqanlarının binaları qarşısında çoxsaylı etiraz aksiyalarının, eləcə də Ombudsman Aparatına etdiyi müraciətlərin də nəticəsi olmayıb.
RATİ YUNESKO-nun baş direktoru Odri Azuleni (Audrey Azoulay), Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçi (Dunja Mijatović), ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Tereza Ribeyronu (Teresa Ribeiro), həmçinin BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeleti (Michelle Bachelet) jurnalistə qarşı törədilən ağır cinayəti pisləməyə və Azərbaycan hakimiyyətindən faciəli qətlin bütün günahkarlarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb etməyə çağırır.
RATİ Azərbaycan hakimiyyətini fərqli fikirlərə qarşı dözümsüzlük siyasətinə, nifrət nitqinin təbliğinə və jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoymağa çağırır.
RATİ həmçinin Azərbaycanın siyasi rəhbərliyini bütün tənqidçiləri həbsxanalardan azad etməyə və Azərbaycanda ifadə azadlığı üçün daha faciəvi nəticələrə gətirib çıxaracaq bu yaxınlarda qəbul edilmiş və Avropa İnsan Hüquqları Konvensiyasına zidd olan media haqqında yeni qanunu ləğv etməyə çağırır.