Elnur Həsənovun məhkəməsində qalmaqal yaranıb


İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun cinayət işi üzrə prosesdə qalmaqal yaranıb.

7GÜN XƏBƏR-in Amerikanın Səsi-nə istinadən məlumatına görə Həsənov bildirib ki, əvvəlki iclasdan sonra Penitensiar Xidmətin əməkdaşları tərəfindən döyülüb.

Hakim Cavid Hüseynovun bu bəyanata diqqət yetirməməsi müttəhimin hirslənməsinə səbəb olub.

Bu zaman hakim iş sənədlərinin araşdırıldığını bildirib.

Bundan sonra Həsənov əllərinin konvoylor tərəfindən arxadan qandallandığını deyib, hakim isə konvoylara qandalı çıxarmağı tapşırıb. Lakin konvoylar qandalları arxa tərəfdən çıxarıb ön tərəfdən taxıblar. Hakim yenidən konvoylara irad tutub.

Bu zaman iclas zalında olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim hakimi obyektivlik görüntüsü yaratmamağa və Həsənovun konvoylar tərəfindən döyülməsi barədə bəyanatını diqqətə almağa çağırıb.

Buna cavab olaraq hakim Məmməd İbrahimi iclas zalından çıxarıb və bu da digər fəalların hiddətinə səbəb olub. Hakim onları da iclas zalından çıxarıb. Bundan sonra iclas dayandırılıb və avqustun 2-dək fasilə elan edilib.

Öz növbəsində Penitensiar Xidmət müttəhimin konvoylar tərəfindən döyülməsi ilə bağlı məhkəmədə dediklərinə hələ münasibət bildirməyib.

Həsənov son bir ay yarım ərzində 8 gün quru aclıq edib və onun işinə obyektiv baxılacağına dair vədlərdən sonra aclığı dayandırıb.

Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz alveri ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.