AXCP üzvünün barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb
7GÜN XƏBƏR "Turan"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib.Məlumata görə fevralın 24-də Bakının Xətai Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının fəalı Elnur Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha bir ay uzadıb.
AXCP-nin məlumatına görə, məhkəmədən sonra yaxınlarına zəng edən Elnur Həsənov həbsdə olduğu 3 ay müddətində onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını bildirib.
“Elnur Həsənov narkotik ittihamı ilə həbs olunub, ittihamı qəbul etmir, həbsini Daxili İşlər Nazirliyinin Baş Yol Polisi İdarəsinin rəhbərliyinə qarşı etdiyi tənqidi çıxışla əlaqələndirir”, AXCP bildirir.
Elnur Həsənov 2023-cü il noyabrın 28-də qanunsuz narkotik dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsi) ittihamı ilə həbs olunub. O, ittihamı təkzib edib. AXCP fəalı hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisinin hərəkətlərini tənqid etməsidir.