Rektorun katibəsi “alimlik dərəcəsi”ni kimdən və necə alıb?


Həmidə Qasımova Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, o dönəmlərdə Naxçıvan Universitetinin prorektoru olan Seymur Talıbovun imkanlarından da yararlanıb.

Gəncə Dövlət Universitetindən (GDU) gələn şikayət məktublarının ardı-arası kəsilmək bilmir. Ancaq nədənsə həmin məktubların heç biri araşdırılmır. Belə olan halda GDU rəhbərliyinin əl-qolu daha açılır. Yazılanlardan belə nəticəyə gəlmək olar ki, təhsil müəssisəsində hərc-mərclik hökm sürür. GDU-i ilə bağlı daha bir şikayət məktubu 7GÜN XƏBƏR-in elektron poçtuna daxil olub.

GDU-nun Psixologiya Kafedrasının bir qrup əməkdaşı tərəfindən yazılan məktubda rektorun katibəsi, həm də paralel olaraq Psixologiya kafedrasının müəllimi Qasımova Həmidə İsgəndər qızından bəhs olunur.

Şikayətçilər yazırlar ki, sözügedən şəxs 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib.

Onlar qeyd edirlər ki, dissertasiya işini yazmaq üçün vaxt lazımdır. Adətən bu işlə məşğul olan adamlara elmi yaradıcılq məzuniyyəti verilir. “Həmidə Qasımova isə həm tələbələrə dərs keçir, həm də rektorluğun katibəsi işləyir. Maraqlıdır, bu şəxsə heç vaxt yaradıcılıq məzuniyyəti verilməyib. Onda Həmidə Qasımovanın elmi tədqiqat işini nə vaxt və harada aparması suallar doğurur”.

Müraciət edənlər iddia edirlər ki, sözügedən şəxsin dissertasiya işini rüşvət müqabilində, onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb. “Ümumiyyətlə, Akif Abbasov Rusiyadan və digər MDB ölkələrindən müdafiə olunmuş dissertasiya işlərini gətirib, Azərbaycan dilinə tərcümə edərək 15-20 min manat arası ona-buna satır. Nəticədə bir ərizə forması yaza bilməyən azərbaycanlı alimlərin sayı göbələk kimi artır. Həmidə Qasımova da belələrindəndir”.

Müraciət edənlər onu da iddia edirlər ki, Həmidə Qasımova pedaqogika elmindən tam xəbərsiz, pedaqogikanın ilk anlayışlarının adını, ixtisasının adını belə bilməyən, habelə müxtəlif xarici ölkələrin universitetlərinə pul müqabilində ingilis dilini belə bilməyən 2-ci kursdan oxumaq üçün tələbə göndərməklə məşğul olan bir adamdır.

GDU-nun müəlliməri yazır ki, sözügedən müəllimə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, o dönəmlərdə Naxçıvan Universitetinin prorektoru olan Seymur Talıbovun imkanlarından da yararlanıb. “Həmidə Qasımova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Naxçıvan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən FD-2.40 Dissertasiya Şurasında müdafiə edərkən də Vasif Talıbovun oğlunun köməkliyi sayəsində pedaqogika sözünün mənasını bilməsə belə müdafiə edərək pedaqogika üzrə alim olub. Lakin Vasif Talıbovun işləri düyünə düşdüyündən, Ali Attestasiya Komissiyasında işini təsdiq etdirmək üçün Həmidə Qasımovaya kömək edə bilməyib. Nəticədə AAK onun işini geri qaytarıb. Bundan sonra Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, işindən xəbəri olmayan adam AAK-da Ekspert komissiyasına 10 min manat rüşvət verərək oradan müsbət rəy ala bilib. Maraqlıdır, belə bir savadsız şəxsə necə müsbət rəy verib, alim diplomu vermək olar? Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogika sözünün mənasını belə bilməyən adama pedaqogika üzrə necə alim adı verilir?”

Şikayətçilər “Bu adam bizim işlədiyimiz kafedranın adını belə hörmətdən salır. Hər yerdə deyirlər ki, özünün psixoloji problemləri olan, pedaqogikanı bilməsə də ixtisası pedaqogika olan bir adam Psixologiya üzrə ali məktəb tələbələrinə dərs keçir. Həmidə xanımın Psixologiya kafedrasında müəllim işləməsi bu kafedranın görkəmli alimlərinə təhqirdir”- deyə müraciətlərinə yekun vurublar.

Yazıda adı keçən şəxslərin və təşkilatların mövqeyini dərc etməyə hazırıq.