GDU-da biabırçılıq: Prorektor niyə döyülüb?


7GÜN TV xəbər verir ki, "Xəbəral"ın email adresinə Gəncə Dövlət Universitetinin müəllim kollektivi şikayət məktubu göndərib. Həmin şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ,
CƏNAB İLHAM ƏLİYEVƏ


SURƏTİ: TƏHSİL NAZİRİ CƏNAB EMİN ƏMRULLAYEVƏ
SURƏTİ: GƏNCƏ ŞƏHƏR PROKURORU AZAD QARAYEVƏ
SURƏTİ: GƏNCƏ ŞƏHƏR İCRA BAŞÇISI NİYAZİ BAYRAMOVA

Cənab Prezident, biz- Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Buna baxmayaraq sanki, hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir.

Cənab Prezident, GDU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar.

Yorulub əldən düşmüş, baş verən proseslərə adekvat reaksiya verə bilməyən, 72 yaşlı tamahkar bir qocanın ümidinə qalmış bir kollektivdə normal iş prosesi yoxdur. Ümid edirdik ki, universitetə bəlkə normal bir prorektor təyin oluna və bu özbaşınalıqların qarşısını ala.

Lakin rektor universitetdə kifayət qədər layiqli namizədlər olmasına baxmayaraq özünün rüşvət maxinasiyalarını icra edən, psixoloji xəstəlik adı ilə hərbi xidmətdən yayınıb saxta hərbi bilet alan, pedaqoji təhsili olmayan, adı məişət pozgunluğunda hallanan, nişanlı qıza sataşdığı üçün tələbə və müəllim kollektivinin gözləri önündə vəhşiçəsinə döyülüb qıçı sındırılan, təhsildən xəbərsiz Şahin Xurşudovu universitetə tədris işləri üzrə prorektor təyin etdirdi.

İndi rektor tələbələrə, eləcə də universitet kollektivinə əlçatmazdır. Şahin Xurşudovdan başqa heç kimi qəbul etmir, heç kimlə görüşmür. İş vaxtını yalnız kabinetdə oturmaqla və ya müxtəlif istirahət mərkəzlərində gəzməklə keçirir. Rektorun qəbul günləri yoxdur, kim müraciət etsə deyirlər get Şahin müəllimin yanına.

Universitetdə isə özbaşınalıqlar bitmək bilmir. Təhsil nazirinin göstərişi ilə ali məktəblərdə yenidən hazırlanma və əlavə təhsil fakültəsi ləğv olunub. Belə ki, müxtəlif ixtisasları bitirən şəxslər universitetdə 9 ay müddətinə guya “yenidən təhsil alıb” ikinci diploma sahib olurdu. Məsələn, GDU-da ingilis dili müəllmliyi ixtisasını bitirən şəxs maddi maraqlar hesabına 9 ay əlavə təhsi alıb tarix müəllimi olurdu. Digər tərəfdən ali təhsilli şəxslər ikinci təhsil almaq üçün ödənişli əsaslarla birbaşa ikinci kursa qəbul edilirdi. Bu fakültə bütün ali məktəblərdən ləğv olunmasına baxmayaraq rektor Yusif Yusibov qeyri qanuni olaraq Zakir Zeynalovu həmin fakültənin dekanı ştatında saxlayıb. (Zakir Zeynalov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin müavini, dələduzluğuna və vətəndaşı döydüyünə görə vəzifəsindən qovulan Mikayıl Zeynalovun atasıdır).

Zakir Zeynalov ikinci təhsil almaq üçün müxtəlif şəxsləri tapır, onlardan 1500 – 2000 manat aralığında pul alır, həmin tələbələr isə heç bir müsahibə belə keçirilmədən birbaşa ikinci kursa qəbul edilir. Əslində isə ikinci təhsil almaq üçün ali təhsilli şəxslər rektorun adına ərizə yazmalı, tələb olunan sənədləri təqdim etdikdən sonra müsahibə əsasında istədikləri ixtisasa qəbul olunmalıdır. Bu işi isə müvafiq dekanlıqlar və tədris departamenti həyata keçirməlidir.

Zakir Zeynalov hal-hazırda olmayan fakültənin dekanı kimi fəaliyyət göstərir. Hal-hazırda Zakir Zeynalov 50-dən artıq tələbədən 1500-2000 manat arasında rüşvət alıb. Bu pulların bir tələbədən 500 manatı Zakir Zeynalova, qalan hissəsi isə rektor Yusif Yusibova çatır.

Universitetdə keçirilən yay imtahan sessiyası tam biabırçılıqlarla yadda qaldı. İmtahan sessiyasında maxinasiyalara ümumi rəhbərliyi Şahin Xurşudovun göstərişi ilə Soros fondunun tör-töküntüsü olan, nənəsi erməni olan Vasif Həsənov edirdi. İmtahanlar vaxtı əvvəlcədən bir neçə otaq müəyyənləşdirilmişdi. Kimlər bir imtahana 50-100 manat pul verirdisə həmin tələbələr imtahan vermək üçün bu otaqlara salınırdı.

Burada isə tələbələr müxtəlif kitablardan, konspektlərdən, telefondan istifadə edərək sualları cavablandırırdılar. Pulları isə əsasən, prorektorun köməkçisi Orxan Məmmədov, Anar Əsilbəyov, Könül Əlizadə, Aynur Yusifova, Keyfiyyətin təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov yığırdı. Pul verməyən tələbələr isə kütləvi şəkildə kəsilirdi. Bundan sonra kəsilən tələbələr üçün yay məktəbi təşkil edildi. Müəllimlər gözləyirdi ki, bu tələbələrə dərs keçiləcək. Lakin, dekanlıqlara göndərilmiş imtahan cədvəllərində tələbələrə kəsir yox, verdikləri pulun müqabilində qiymət gəldi. Yay məktəbi də baş tutmadı, deməli, tələbələr artıq görüm-baxım etmişdi.

Şahin Xurşudovun göstərişi ilə dekanlıqlara, kafedralara adi dəftərxana ləvazimatları belə verilmir. Bu vasitələrin hamısını məcbur edib kafedra müdirlərinə, dekanlara aldırırlar.

GDU-da hal-hazırda 8 xidməti maşın vardır. Kafedralara, dekanlıqlara veriləcək dəftərxana ləvazimatlarına, tədris üçün lazım olan avadanlıqlara, işçilərin maaşlarını artırmağa pul tapmayan rektor biri 80000 manat olmaqla iki ədəd yeni xidməti maşın almağa pul ayırıb.

Amma, söhbət maaş artımından düşəndə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pulumuz çatmır.

Ən dəhşətli fakt ondan ibarətdir ki, Yusif Yusibov heç kimi qəbul etməsə də, tədrislə maraqlanmağa vaxt tapmasa da aptek işinə rəhbərlik etməyə vaxt tapır. Belə ki, yığılan rüşvətin hesabına Yusif Yusibov diğər obyektləri, mağazaları azmış kimi, bir neçə aptek də alıb. Gəncə Beynəlxalq Xəstəxanasının yaxınlığında yerləşən apteklər də cənab rektora məxsusdur.

Özləri qaz vurub qazan doldursalar da universitet müəllimlərinin əmək haqqını qaldırmırlar. Universitetin müəlliminin maaşı 350 manatdan başlayır. Ömrünü gününü tədrisdə çürüdən dosentlər təqribən 700 manat maaş alır. Maraqlı burasıdır ki, rektorun yaxın ətrafı heç elmi dərəcələri olmasa da 1500-2500 manat arası maaş alır. Respublikamızda ali məktəblər arasında ən aşağı maaş Gəncə Dövlət Universitetindədir.

Cənab Prezident, Universitetin idarəçilik sistemi elə bir hala düşüb ki, tədris müəssisəsi barıt çəlləyini xatırladır. Artıq burada rüşvət, təhqir, hədə-qorxu, dava-dalaş adi gündəlik bir hala çevrillib. Dəfələrlə şikayət edilməsinə baxmayaraq əlaqədar təşkilatlar heç bir tədbir görmür. Çünki, Yusif Yusibov Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibovun qardaşıdır. Cavanşir Yusibov isə nazirlər Ceyhun Bayramovun və Mikayıl Cabbarovun yaxın dostudur.

Cənab Prezident, Sizdən çox xahiş edirik ki, Universitetdəki bu özbaşınalıqların qarşısını almaq üçün müvafiq tədbirlər görəsiniz.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından dosent Ziyafət Bayramova

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.