Məhkəmə ilə vəkil bürosu niyə sövdələşib?


Vəkil Eldar Əliyarov Bakı Apellyasiya Məhkəməsinin müdafiəçisi rolunda

Dələduz “Rəvan” şirkətinin Ədliyyə Nazirliyinin Suraxanı icra şöbəsi, məhkəmə hakimiyyəti, ƏƏSMN tabeliyindəki DSMF ilə qeyri-prosessual ilişgi sonucunda olmayan icra sənədi ilə Qarabağ qazilərinin reabilitasiya vasitəsi avtomobilinə, pensiyasına, əmlakına yiyələnməsinə 8 ildir hüquq qiyməti verilmir. Dövlətin qaziyə verdiyi reabilitasiya vasitəsini “əlil avtomobili”ni arxadan dayandığı yerdə vurub “metallomluq” edən 10-CK -200 nömrəli “Nissan” avtomobilinin “avtoşbala” içkili-hallı sürücüsü Fərid Zakir oğlu Hüseynovu məmur atasının zəngi necə tapşırıbsa, yol polisi Tahir İsgəndərov onu alkoqol testindən keçirməyi “unudub”, amma olaya və “əlil maşını”na aidliyi olmayan Qarabağ qazisi Xaliq Abbaszadənin unutmayıb. Qazinin suçsuz olması, maşına aidliyi olmaması ortada olduğundan dəyən ziyanı “Nissan”ın sürücüsünün ödəyəcəyini bildirib. Sonra bəlli olub ki, protokol tərtib edilmədən 8 gündən sonra məhkəməyə qazinin inzibati xəta törətməsi ilə bağlı müraciət edən yol polisi və Suraxanı məhkəməsinin hakimi Gülsarə İmanova 10 günlük müddət gözlənilmədən (axı , protokol olmayıb, olsaydı, qanuni protokoldan on günə şikayət edilən bilər), vəkil ayırmadan (inzibati xətalarla bağlı işlərdə vəkilin iştirakı məcburidir) qazinin 400 manat cərimə edilməsi barədə qərar qəbul edilməsinə nail olub. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Vaqif Mursaqulov) İnzibati Xətalar Məcəlləsinin tələbinə qarşı çıxaraq vəkilin iştirakı məcburi olduğu halda, qazini müdafiəçisiz qoyaraq aşağı instansiyanın saxtalığını qüvvədə saxlayıb. Ali Məhkəməyə kassasiya şikayəti vermək nəzərdə tutulmadığından, Qarabağ qazisi ali dövlət hakimiyyəti orqanlarının, hüquq mühafizə orqanlarının başçılarına şikayətlər etsə də, özbaşınalığa son qoyulmayıb. Baş prokurorun birinci müavini Rüstəm Usubovun qazini qəbul edərək, protestlə işi ləğv edəcəyinə söz verməsi də söz olaraq qalıb. Nə isə, çox uzatmayaq, uzatsaq, bir neçəlik qəzet səhifəsinə sığar .

Avtomobili, reabilitasiya vasitəsi məhv edilən də Qarabağ qazisi, cərimə olunan da! Allah bunu götürməsə də, “Rəvan” sığorta şirkətinin, “Nurgün Motors”un rüşvətini Suraxanı məhkəməsinin (keçmiş) hakimi Ramil Həsənov, Suraxanı icra məmuru Vüsal Əliyev elə götürüb ki, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin pensiyası da yarıqat edilib, əmlakına özbaşına həbs qoyulub. “Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün Motors” ilə saxta defekt aktı (aktın saxtalığını maliyyə və vergilər nazirlikləri bir neçə dəfə doğrulayıb, hər iki quruma cərimə tətbiq ediblər) tərtib edib ki, guya “avtoşbala” məmur oğlunun maşınına 10 min manatlıq ziyan dəyib. Yenə də nə sağlamlığını vətən uğrunda qoyan Qarabağ qazisinin , nə də məhv edilən reabilitasiya vasitəsinin taleyi yada düşməyib. Qarabağ qazisinin qanuni qüvvəyə minməmiş saxta qətnamə ilə pensiyasının yarıqat edilməsinə isə ƏƏSMN-in tabeliyindəki DSMF yardımçı olub və hələ də qazinin başqasına ödədiyi pensiyasını bərpa etmir. Əksinə, məhkəmə hakimiyyəti ilə qeyri-prosessual münasibətə girərək, Qarabağ qazilərinin Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan məhkəmə təminatı hüququna qadağa qoyub!

Nərimanov rayon məhkəməsinin 06.05.2019 tarixli əlilin pensiyasını “İcra haqqında” qanunun 68-ci maddəsinə əsaslanıb bərpa edən qətnaməsini Bakı Apellyasiya Məhkəməsinin sədri Elşad Şamayev olan Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyü ləğv edib ki, 68-ci maddə qazilərin pensiyalarına borc tələbinin yönəldilə bilməzliyini doğrulasa da, olmayan borcun ödənilməsi mütləqdir (?) Elşad Şamayev hətta Qarabağ qazisini kassasiya şikayəti verərsə, evinin əldən çıxacağı ilə şantaj edib ! (?) Hətta Qarabağ qazilərinə qarşı Yasamal məhkəməsində “Rəvan” sığorta şirkətinin olmayan şərəf və ləyaqətinin müdafiəsi haqqında cinayət işi sifariş edən hakim, bu “peşəkarlığına” görə Ali Məhkəməyə təyinat alıb. Bəs qaziləri müdafiə edən olmayıb? Nə qədər acınacaqlı olsa da, Vəkillər Kollegiyası da məhkəmə hakimlərinin özbaşınalıqlarının müdafiəçisi rolunda çıxış edib və çıxış etməkdədir. Təsəvvür edin, 15.10.2020-ci il tarixli Ali Məhkəmənin iclasında vəkil Ayşən Vəliyeva müdafiəçi kimi iştirak etməkdən imtina edib və bu səbəbdən Qarabağ qazisinin də dinlənilmək hüququ təmin edilməyib. Artıq Ali Məhkəmədə “oturan” Elşad Şamayevin “ali” həmkarları onun qanunsuzluğunu heç bir əsas olmadan qüvvəyə mindiriblər. Elşad Şamayev 3-cü şəxs Qarabağ qazisinə, ümumiyyətlə, 3 ildir vəkil ayrılmasını təmin etməyib. Çoxsaylı şikayətlərdən sonra 05.08.2021-ci il tarixli qərardadla Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Rəşad Həsənov, Məmməd Məmmədov və Vəfaddin İbayev ) vəkil ayrılmasından imtina edib. Əsas da bu olub ki, 9 saylı vəkil bürosunun sədri Eldar Əliyarov məhkəməyə məktub verib ki, 09.01.2019 tarixli qərardadla Qarabağ qazisinə vəkil edilib, amma qazi telefona cavab vermədiyindən şikayət yazılmayıb. Bəyəm şikayət zənglə yazılır? Eldar Əliyarov məhkəməyə vəkillik edir, yoxsa hüququ pozulan, dövlət büdcəsinin vəsaiti hesabına vəkil edildiyi qaziyə? Fikrimizcə, vəkil işə çıxıb Bakı Apellyasiya Məhkəməsində işlə tanış olub, şikayəti yazmağa borcludur. Açıq görünür ki, məhkəmə ilə vəkil bürosu sövdələşməyə gedib. Axı, indiyədək 3-cü şəxsin çoxsaylı müraciətlərinə baxılmayıb, ərizəyə baxılmasına iclas təyin edilməyib. Yalnız 2 ay qabaq 05.08.2021 tarixinə iclas təyin edildiyi bildirilib və “barıt həddən artıq qatıldığından” 9 saylı vəkil bürosunun sədri Eldar Əliyarovun saxta məktubu ilə müdafiə olunmağı qərara alıblar.

05.10.2021-ci ildə 9 saylı vəkil bürosundan Azər adlı şəxs zəng edərək vəkil ayrıldığını bildirib və müvafiq sənədləri təqdim etməyin gərəkliyini vurğulayıb. Vəkilin apelyasiya instansiyasından gərəkən sənədləri götürməli olduğunu deyəndə isə, işinin yalnız şikayəti yazmaqdan ibarət olduğu, məhkəmədən sənəd tələb etməli olmadığı cavabını verib. 3-cü şəxs Qarabağ qazisinin tələbi üzrə indiyədək heç bir qərar qəbul edilmədiyi halda, hansı sənədin tələb edilməsi də qaranlıqdır. Bir də dövlət büdcəsinin vəsaiti hesabına ayrılan vəkil məhkəmədən sənəd ala bilmirsə, yataqda xəstə yatan əlil necə alsın? Söz Vəkillər Kollegiyasındadır : vəkil işə çıxıb şikayəti yazmalıdır, yoxsa müdafiəyə ehtiyacı olan yataq xəstəsi Qarabağ qazisi? Eldar Əliyarovun 2 ildir məhkəmə qərarını icra etməkdən imtinasına, məhkəmə hakimlərinin “pozulmuş özbaşınalıq hüquqlarını” qorumasına hüquq qiymətini kim verməlidir?

Məğrur Bədəlsoy

P. S. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə görə, tərəfin tələbi üzrə qərar qəbul etməməyibsə əlavə qətnamə çıxarılmalıdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin sədri Elşad Şamayev olan üçlüyünün qəbul etdiyi 29.08.2019 tarixli və Ali Məhkəmənin 15.10.2020 tarixli qərarları da Ali Məhkəmənin sədri tərəfindən əlavə kassasiya qaydasında, ya da yeni açılmış hallar üzrə ləğv edilməlidir. Niyə? Ona görə ki, hər iki qərar qüvvəsini aldıqdan sonra Qarabağ qazisinə vəkil ayrılıb. Ali Məhkəmənin qüvvəyə minmiş qərarı üzrə Bakı Apellyasiya Məhkəməsinin 3 il qabaqkı qərarına baxılması absurddur. "Gündəm Xəbər"
Məhkəmə ilə vəkil bürosu niyə sövdələşib?