500 minlik “Bentley”, 23 minlik motoskl...– İcra başçısının kolleksiyasına daha nələr daxildir?


Azərbaycanda icra başçılarının “kiçik padşah”lar adalandırılması heç də səbəbsiz deyil. İndiyə qədər həbs olunan rayon rəhbərlərinin ev və iş yerlərindən çıxan sərvətlər də onu göstərir ki, “kiçik padşah”lar rəhbəri olduqları məntəqəni çapıb, talamaqla məşğul olublar.

7gun.org-a daxil olan xəbərlərə görə “kiçik padşah”lardan biri də Daşkəsən rayonunun İcra Başçısı Əhəd Abıyevdir. Abıyev qalmaqallı adam olmaqla yanaşı, həm də böyük maddi imkanlara sahib olan məmur kimi tanınır. Onun böyük gəlirlərə çıxışı isə hələ deputat olan zamanlardan başlayıb. Qısa zamanda, Cənub bölgəsində özünə biznes şəbəkəsi quran sözügedən şəxs, bununla kifayətlənməyib, qardaşlarını da vəzifəyə keçirməklə özünə “şəbəkə” yarada bilib. Məsələn, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev uzun illər polis sistemində rəhbər vəzifələrdə çalışıb və hazırda da bu sahədə fəaliyyətini davam etdirir. Digər qardaşı Qadir Abıyev isə Dövlət Gömrük Komitəsində çalışır və sərvətinə görə heç də Əhəd Abıyevdən geridə qalmır. Digər qardaşı Nadir Abıyev isə 2004-cü ildən 2020-ci ilə kimi Masallı rayon İHB-nın 1-ci müavini vəzifəsində işləyib.

Əhəd Abıyevin bir qardaşı da “Aztelekom” İB-nin Masallı rayon şöbəsinin müdiridir. Səməd Abıyev 7 ilə yaxın Massllı rayonunda Maliyyə İdarəsinin rəisi olub.

7gun.org-ın araşdırmaları zamanı o da bəlli olub ki, Əhəd Abıyevin təkcə, qardaşları deyil, həmçinin qardaşı uşaqları da onun sayəsində vəzifə sahibi olublar. Zaman içində bu vəzifə həvəskarlığı bütün nazirlikləri belə əhatə edib.

Əhəd Abıyev bir neçə ildir ki, Daşkəsəndən, "gözdən uzaq, könüldən iraq" bir rayondan başqa varlı rayonlardan birinə rəhbər getmək üçün xeyli müddətdir ki, cəhdlər göstərir. Məsələn, onun Salyanın sabiq icra başçısı Tahir Kərimovun yerinə təyinat alması üçün bir müddət çalışdığı, hətta keçmiş icra başçısının mövqelərini zəiflətmək üçün ciddi cəhdlə kompromatlar topladığı iddia olunur. Gələn xəbərlərdən belə anlaşılır ki, Əhəd Abıyev Salyanın icra başçısı olmaq məqsədi ilə digər vasitələrə də baş vurub. Lakin sonda istəyinə nail olmayıb və gözləmə mövqeyi tutmaq məcburiyyətində qalıb.

Daşkəsənin “kiçik padşahı” təkcə vəzifənin deyil, həmçinin digər işlərin də həvəskarıdır. Məsələn, o, maşın kolleksiyası həvəskarıdır. 7gun.org-ın araşdırmalarına görə, Əhəd Abıyevin maşın kolleksiyasında ən bahalı avtomobil “Bentley”dir. Qiyməti 500 min manat civarında olan bu maşından başqa, Daşkəsənin icra başçısının digər bahalı avtomobilləri də var. Özünün ən çox istifadə etdiyi maşın isə motorunun gücü 4700 kub olan “Toyota Lexus”dur ki, onun da qiyməti 150 min manatdan ucuz deyil.

Amma Əhəd Abıyev təkcə, avtomobil deyil, həm də motoskl həvəsində olan icra başçılarından sayılır. Əldə etdiyimiz məlumatlara görə, Daşkəsənin icra başçısı hələ bir neçə il öncə özünə 23 min dollar dəyərində olan “Honda” firmasının istehsalı olan motoskl alıb.

Qeyd edək ki, bu bizim araşdırmalarımız nəticəsində bəlli olan kolleksiyanın bir hissəsidir. İcra başçısının digər bahalı avtomobillərin sahibi olması istisna deyil.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aygün