Penitensiar Xidmətdəki biabırçılığın üstü pərdələnir?


Bir müddət bundan əvvəl məlumat vermişdik ki, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov kadrlar şöbəsinin rəisi Əflatun Məmmədov vasitəsi ilə Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət alıb. İşə düzəlmək istəyənlər ayrı - ayrılıqda Əflatun Məmmədov 15-20 min manat civarında pul veriblər. Lakin hal- hazıra kimi onlardan kimsə işə qəbul edilməyib. Rüşvət verib işə qəbul olunmaq istəyənlər Əflatun Məmmədovdan pullarını tələb etdikdə təhdid və hədələrə məruz qalıblar.

Aldanılan şəxslər pulları qaytarılmazsa, Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə şikayət edəcəklərini, Prezident Adminstrasiyası önündə etiraz aksiyası keçirəcəklərini bildiriblər. Penitensiar Xidmətin rəhbərliyi isə onların iddialarını rədd edib və tələblərinin əsassız olduğunu nəzərlərinə çatdırıb.

7gun.org- a daxil olan xəbərə görə narazı şəxslər Penitensiar Xidmətin kadrlar şöbəsinin rəisi Əflatun Məmmədova verdikləri pullarını ala bilmədikləri və təhdid olunduqları səbəbindən Baş Prokuror Kamran Əliyevə müraciət etmişlər. Baş Prokurorluqdan isə onların şikayətləri baxılıb tədbir görülməkdən ötrü Ədliyyə Nazirliyinə göndərilmişdir. Penitensiar Xidmətin rəhbərliyinin törətdiyi cinayət xarakterli əməlin ört-basdır edilməsindən ötrü Baş Prokuror Kamran Əliyevin göstərişiylə həyata keçirilən qanuna zidd hərəkət Azərbaycan Respublikasının Konstitutisiyasına və digər normativ hüquqi aktlara etinasızlığın əyani nümunəsidir. Baş Prokurorluq bilavasitə səlahiyyətinə aid olan məsələnin araşdırılmasını niyə özündən kənarlaşdırır? Penitensiar Xidmətin rəhbərliyinin rüşvət almasıyla bağlı şikayətlər nə üçün Baş Prokurorluqda araşdırılmır?!

Məlumatlı mənbələr bildirir ki, Ceyhun Həsənov Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun himayəsində olduğuna görə Baş Prokurorluğun rəhbərliyi onun adı keçən şikayətlərlə bağlı təhqiqat aparmaqdan yayınır.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.