Fərhad Həsənov dustağın “cibinə” necə girir?– Penitensiar Xidmətin Təsəsrrüfat İdarəsinin rəisinin “laryok” sistemi


Ötən günlərdə xəbər vermişdik ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Fərhad Həsənov şəhərin mərkəzində 700 min manat dəyərində mülk alır. 7gun.org-a verilən məlumatda deyilirdi ki, Həsənov bu istəyini reallaşdırmaq üçün ev sahibinə 100 min manat beh belə verib.

Qeyd edək ki, Fərhad Həsənovun rəhbəri olduğu qurum Xidmətin “ən gəlirli sahəsi” sayılır. Belə ki, həbsxanalarda saxlanılan dustaqların yataq ləvazimatlarından tutmuş, geyiminə qədər hər şeyi məhz Təsərrüfat İdarəsi təmin etməlidir. Əslində, kağız üzərində hər şey qaydasındadır və bütün dustaqlar onlar üçün ayrılmış ləvazimatları, geyimləri “alırlar”. Gerçəkdə isə bunun heç biri baş vermir. Yəni, dustaq yatağını da, yataq dəstlərini də ( əlifba sırası ilə A-dan Z-yə qədər), ona lazım olan bütün zəruri əşyaları da evindən gətizdirir. Belə olan təqdirdə, Fərhad Həsənov nə işlə məşğuldur?

Bunun üçün apardığımız araşdırma göstərir ki, Penitensiar Xidmətin Təsərrüfat İdarəsinin rəisi sözün həqiqi mənasında oliqarx olmaq həddindədir. 7gun.org xəbər verir ki, hal hazırda həbsxanalarda 30 mindən çox dustaq saxlanılır. Onların hər birinə gündəlik 17 manat xərc çəkildiyi deyilir. Bu isə orta hesabla, hər gün üçün 400 min manata yaxın vəsait deməkdir. Həmin xərclərə nələr daxildir?
Hər bir dustaq gündə 3 dəfə isti yeməklə təmin olunmalı, həftədə bir dəfə yataq üzləri dəyişdirilməli, geyimi verilməli, siqaretlə təmin olunmalı, şəkər tozu, qənd və digər məhsullarla təhciz edilməli, alt paltar, döşək, üzqırxan, diş pastası, fırça və bu qəbildən olan hər şeyi dövlətdən almalıdır. Təbii ki, bütün bunları təşkil edən isə Penitensiar Xidmətin Təsəsrrüfat İdarəsidir. Yəni, hər şey onlar tərəfindən təmin edilir.

Bəs, reallıqda nə baş verir? Sözügedən idarə sənəd üzərində hər bir dustağa zəruri olan hər şeyi “verir”. Real olan odur ki, Fərhad Həsənov və başının dəstəsi dustağa zəruri olan əşyaları vermir. Çünki onların pulları nağdlaşdırılır və “otkat” yolu ilə götürülür. Azərbaycanda geniş yayılmış “otkat” məsələsi isə böyük pullar deməkdir. Penitensiar Xidmətin də gəlir gətirən sahələrindən biri də məhz Təsəsrrüfat İdarəsidir.
Fərhad Həsənov bu pulları necə qazanır? Çətin bir proses deyil. Bunun üçün idarə rəisi tenderlər elan edir, özünə yaxın şirkəti “qalib” elan edir, mal və məhsulları onlardan “alır", pul hesaba köçürülür və oradan çıxarılaraq nağdlaşdırılır. Həsənovun konkret olaraq hansı şirkətlərlə əlbir olduğunu demək çətindir. Lakin bunu araşdırmaq və üzə çıxarmaq mümkündür. ​ ​ ​

Bundan başqa, Həsənovun daha böyük gəlir sahəsi həbsxanalardakı “laryok”lardır. Qanuna əsasən hər bir dustaq öz ehtiyacları üçün "laryok"lardan alış-veriş edə bilər. Lakin idarə rəsinin qurduğu sistem isə birbaşa dustağın cibinə girməkdir. Məsələn, bir çox hallarda həbsxana rəislərinə tapşırıq verilir ki, bir bəhanə ilə valideynləri və ya yaxınları tərəfindən göndərilən ət məhsulları, şüşə və dəmir qabda olan bütün növ ərzaq məhsulları içəri buraxılmasın. Bir həftə içində "laryok"lardan alınan siqaret və digər məhsullardan əldə olunan gəlir, heç də kiçik rəqəmlərlə ifadə olunmur.

Amma məsələ bununla da bitmir. Problem ondadır ki, qanuna əsasən "laryok"larda satılan məhsulların qiyməti mülki həyatda satılan məhsulların qiymətiylə eyni olmalı, bəzi hallarda isə aşağı olmalıdır. Lakin Fərhad Həsənovun qurduğu sistemdə bunun tam əksi baş verir. Belə ki, "laryok"larda siqaretlər marketlərdən fərqli olaraq 30-40 faiz baha satılır. Digər məhsulların da qiymətləri normaldan 15-20 faiz baha olur.

7gun.org-ın araşdırmalarına görə, Fərhad Həsənov təkcə, "laryok"lardan hər ay orta hesabla 500 min manatdan çox gəlir əldə edir. Nəzərə alaq ki, hazırda Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, 3 istintaq təcridxanası və Penitensiar Xidmətin Müalicə Müəssisəsi var. Onların hər birindəki "laryok"un gündəlik dövriyyəsi böyük-kiçikliyindən asılı olaraq minumum 2000, maksimum 5-10000 manat aralığında dəyişir. Bu ayda bir həbsxana üçün 60-400 min manatlıq civarında dövriyyə deməkdir. Həmin pulun da yarısı qazanc hesab olunur.

Bütün bunlar göstərir ki, Penitensiar Xidmətin Təsərrüfat İdarəsinin rəisi Fərhad Həsənovun Bakının mərkəzində 700 min manatlıq mülk sahibi olmaq istəyi aldığı aylıq məvacib hesabına yox, məhz dustağın cibinə girməklə reallaşdırılır. Əks təqdirdə, bu qədər pulun əldə edilməsi mümkünsüzdür, maaşı da buna imkan verməz.

Onu da qeyd edək ki, Fərhad Həsənovun konkret olaraq hansı şirkətlərlə işlədiyi, "laryok" sistemində şərik olduğu həbsxana rəislərinin nələrə məcbur edilməsi ilə bağlı yaxın günlərdə geniş məlumat verəcəyik.

Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.