Viləşçay Su Anbarındakı bahalı avadanlıqlar hardaır?– Mahir Əliyev isə yeni qazanc mənbələri axtarışına çıxıb


Cənub bölgəsinin ən iri çaylarından biri olan Viləşin üzərində tikilən su anbarı əkin sahələrinin suvarılması üçün nəzərdə tutulsa da, bu funksiyadan başqa bütün funksiyaları həyata keçirir. 7gun.org xəbər verir ki, 1986-cı ildə istismara verilmiş və tutumu 46 milyon kib metr olan anbar son dönəmlərin gəlir mənbəyinə çevrilib.

Belə ki, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev idarənin imkanlarından öz şəxsi maraqları üçün istifadə edir. Əldə etdiyimiz məlumata görə, su anbarında istifadə olunun texnikaları bir çox vaxtlarda ayrı-ayrı iş adamları və məmurların obyektlərinin tikintisində işlədiyini görmək mümkündür. Hələ bir neçə il bundan əvvəl Mahir Əliyev idarənin balansında olan ekskavatordan tutmuş, krana qədər bütün texnikanı Salyan rayonuna yollamışdı. Məlum olmuşu ki, idarə rəisi Masallı rayonunun keçmiş icra başçısı Rafil Hüseynov üçün sözügedən rayonda obyekt tikintisində texnikalardan istifadə olunub. Amma bu ilk və son hadisə olmayıb.

7gun.org-a daxil olan məlumatda deyilir ki, Mahir Əliyev təkcə, idarənin texnikalarını icarəyə verməklə pul qazanmır. Həmçinin idarəyə ayrılmış mal və materailların qiymətini şişirtməkdən tutmuş, sürtkü yağları və yanacağa qədər hər şeyi satmaqla da böyük qazanclar əldə etməyə nail olub. Məlumatlarda deyilir ki, dəyəri yüz min manatlarla ölçülən avadanlıqların da varlığı ilə, yoxluğundan xəbər yoxdur. Səndələrdə bahalı avadanlıqların olduğu göstərilsə də, realda onları görmək mümkün deyil.

Bəzi mənbələr bildirir ki, ola bilsin ki, bahalı avadanlıqlar məsələsində Mahir Əliyevin rolu yoxdur. Bunu idarənin tabe olduğu Su və Melorasiya ASC-nin rəhbərliyi özü həyata keçirir. Lakin dəyəri milyon manata yaxın olan mal və materialların, habelə avadanlıqların “yuxarı”lar tərəfindən yoxa çıxarılması nə qədər inandırıcı görünsə də, idarə rəsinin də prosesin içində olmaması bir o qədər inandırıcı hesab olunmur. Şübhəsiz ki, burada Mahir Əliyevin də “payı” olmamış deyil.

Viləşçay Su Anbarı İstismar İdarəsinin rəhbəri Mahir Əliyevin başqa qazanc yerləri də var. Və bu yenə də idarənin ərazisindən kənarda deyil. Məsələ belədir ki, Əliyev anbarın yaxınlığında iri balıq vətəgələri yaradıb. Onların su ilə təhciz edilməsi, qorunması, habelə bərpası və təmiri də məhz idarənin hesabına həyata keçirilir. Yəni, nə yoğurdum nə yapdım, hazırca kökə tapdım. Mahir Əliyev də hazır kökə tapıb.

Bəzi məlumatlara görə, idarə rəisi yaratdığı balıq vətəgələrinin hesabına hər il yüz minlərlə manat qazanc əldə edir. Bundan başqa, əkinçilərə suyun satılmasından tutmuş, ayrı-ayrı müəssisələrə suyun verilməsinə qədər görülən işlər də bir ayrı qazanc mənbələri hesab olunurlar. Bununla bağlı, geniş araşdırmamız olacaq.

Mahir Əliyev yeni qazanc mənbələri axtarır. Həmin qazanc mənbəyi isə Vviləşçay Su Anbarının 2-ci növbəsinin tikintisinə bağlıdır. Belə ki, Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi hazırda 46,0 mln. m³, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu isə 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutur.

Bu təxminən işlərin iki dəfə artması deməkdir ki, eyni zamanda, xərclərin də iki dəfə artacağı anlamına gəlir. Belə olan təqdirdə, Mahir Əliyevin həmin vəsaitdən nə qədər “qənaət” edəcəyi maraqlıdır. Daha dəqiq ifadə etsək, idarə rəisi qazancını ikiqata çıxarmaq üçün gün sayır.

Qeyd edək ki, Viləşçay Su Anbarı İstismarı İdarəsində baş verənlərlə bağlı quruma göndərdiyimiz çoxsaylı sorğulara bu günə qədər cavab verilməyib. Həmin sorğularda qoyduğumuz sualların cavablandırılması reallaşacağı təqdirdə, qurum haqqında, o cümlədən idarənin rəisi Mahir Əliyev haqqında yayılmış məlumatlara da aydınlıq gətirilmiş olacaq. Təəssüf ki, bu baş verməyib və verəcəyi də inandırıcı görünmür.

Lakin bütün bunlara rəğmən, qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

7GÜN XƏBƏR qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube