Əsgərin intihar etməsi şübhə doğurur


Vətən Müharibəsi iştirakçısı, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş 1 il 6 ayın əsgəri Zöhrabov İlkin Ramin oğlu bu gün doğulduğu Masallı rayon Ərkivan qəsəbəsində torpağa tapşırıldı. Dəfn mərasimində rayon icra hakimiyyəti başçısının müavini və digər bir neçə vəzifəli şəxslər iştirak edirdi.

Xüsusilə, rayon ictimaiyyətinə ötürülən məlumatlarda İlkin Zöhrabovun güya məzuniyyətdə olan komandirin silahı ilə özünə qəsd etdiyi bildirilir. Ancaq ailəsi İlkin Zöhrabovun intihar etməsinə qətiyyən inanmır və bu versiyanı qətiyyətlə rədd edir.

Mərhum İlkin Zöhrabovun intihar etməsinə dair əsaslı şübhələr var. Məlumata görə o, 1 il 6 ayın əsgəri imiş. Bütün çətinlikləri geridə qoyan, tərxis olunmasına sayılı günlər qalan bir əsgər niyə intihar etsin ki? Yəni, bu nə dərəcədə doğru ola bilər? Bundan başqa, Vətən Müharibəsində iştirak edən və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş əsgər nədən intihara əl atmalıdır? Hər halda, cavabsız sualların sayı kifayət qədərdir.

İstər Müdafiə Nazirliyinin, istərsə də digər aidiyyatı qurumların məlum hadisə ilə bağlı ədalətli və obyektiv araşdırma aparmaları vacibdir.

Ailə üzvlərinin bildirdiyinə görə İlkin Zöhrabov 2020-ci ilin noyabr ayının ortalarından onlarla əlaqə saxlamırmış.

Ağır sosial-iqtisadi problemlər içində böyümüş və yaşamış İlkin Zöhrabov ailənin tək övladı idi.

Cavid Şirəliyev