Arxasıza dayaq olaq


"Arxalıya arxa durma deməsinlər yamaqdı, arxasıza arxa dur ki, söyləsinlər dayaqdı".

Yəqin ki, bu misralar çoxunuza tanışdır. Əslində gözəl deyimdir. Bizlər həyatımızda belə hallarla çox rastlaşırıq... Sözümün canı var.

Ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinə münasibətdə həmin sahədə fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının, ictimai birliklərin və müxalifət düşərgəsini təmsil edən bəzi siyasi partiyaların mövqelərində ikili standartlar vardır.

Deməli, ictimai fəaliyyət və ya siyasi baxışlarına görə təqib, təhdid və təzyiqə məruz qalanların, həmçinin qanunsuz həbs olunanların heç də hamısı eyni qaydada müdafiə olunmur. Elə şəxslər var ki, onlar ictimai və siyasi mövqelərinə görə təzyiqlərə məruz qalır. Etmədikləri cinayət əməlinə görə həbs olunur. Lakin maddi imkansızlıqdan onları demək olar ki, heç kim müdafiə etmək istəmir. Onların barəsində sosial şəbəkələrdə müdafiə xarakterli 2-3 cümlə də yazılmır. Hamı hər şeyi görür və bilir. Unutmamalıyıq ki, əslində, şəxslər deyil, prinsiplər müdafiə olunmalıdır. Olunurmu? Təbii ki, yox!

İctimai fəaliyyətlərinə, siyasi baxışlarına görə həbs olunanların hüquqları bərabər qaydada, heç bir ayrı-seçkilik qoyulmadan müdafiə edilməli, ya da bu mövzuda pofoslu danışanlar insanları yalanlarına inandırmağa son qoymalıdırlar.

Cavid Şirəliyev