Hardan qaynaqlanır bu cəsarət?
Özbaşınalığa və haqsızlığa qarşı vaxtında mübarizə aparılmalıdır. Bu amil çox vacibdir.Son günlərdə sosial şəbəkələrdə bəzi yazarların Müdafiə Nazirinin sabiq müavini, Silahlı Qüvvələrin Baş Qərərgah rəisi Nəcməddin Sadıkovun barəsində nifrin-qarğış dolu xəbərləri adamı sanki hiddətə gətirir, intiqama çağırır.
Bu nə halət, hardandı bu cəsarət? Məgər ölkənin özündən razı "siyasətçiləri", "politoloqları", "cızmaqaraçı" yazarları Nəcməddin Sadıkovun xəyanətlərindən məlumatsız idilər? Onun cinayət əməlləri barədə niyə vaxtında yazılmırdı, danışılmırdı? Yoxsa, indi tapşırıq gəlib deyə "hücuma" keçiblər?! Doğurdan da bəzi "ictimai fəallar" normal əxlaqi keyfiyyətlərdən də məhrumdurlar.
Amma tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev və bir neçə ictimai fəal "Tərtər işi" cinayətini hələ Nəcməddin Sadıkovun "qılıncının dalı da, qabağı da kəsən" vaxtlarda ictimailəşdirdi. Onun əsl simasını açdı. Heç kimdən və heç nədən qorxmadı. Satılmadı. Bütün gücü ilə haqqları taptanan insanların yanında oldu, onlara dəstək verdi. Milli ordunun zabit, gizir və əsgər heyətinə qarşı tətbiq olunan işgəncələrdən, qeyri-insani rəftardan və ləyaqəti alçaldan hərəkətlərdən demək olar ki, hər həftə yazıb, danışdı. Bu dəhşətli hadisəni dünyaya çatdırdı. Nədənsə, çoxları həmin vaxt Oktay Gülalıyevə dəstək verməyə belə cəsarət etmirdi. Özlərinə siyasətçi, hüquq müdafiəçisi, müstəqil mətubat nümayəndəsi deyənlər kənarda durub proseslərə seyrçi münasibət göstərir, onlara göstəriş veriləndə, hətta, bu cinayəti ictimailəşdirənlərə qarşı hücuma keçirdilər. Elə bilirsiniz buqələmunların əməlləri unudulubmu? Heç vaxt!
Həmin vaxt ağzına su alıb susan, indi isə bərli - bəzəkli danışanların səmimiyyətinə inanmaq olmur.
Onu tanıyanların rəğbətini qazanmış tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevə Allahdan acil şəfalar diləyirik. Doğrudan da , o, səmimi insan, qeyrətli vətəndaş və əsil hüquq müdafiəçisidir.
Baş Prokurorun müavini, Hərbi Prokuror Xanlar Vəliyevin, onun müavini Şəfaət İmranovun və digər vəzifəli şəxslər Azərbaycan ordusunun əsgər və zabitlərinə qarşı törətdikləri cinayət xarakterli əməl və hərəkətlər Nəcməddin Sadıkovun etdiklərindən az deyil. Azərbaycan ordusunun əsgər və zabitlərinə, həmçinin onların ailələrinə qarşı yönəlmiş fiziki və mənəvi işgəncələrdə, qeyri-insani rəftar və ləyaqəti alçaldan hərəkətlərdə bu şəxslərin də "xidmətləri" danılmazdır. Əgər onların da barəsində deyilənlər araşdırılarsa, daha dəhşətli cinayət faktlarının şahidi olacağıq.
Cavid Şirəliyev