Hüquq müdafiəçiləri əfvlə bağlı ölkə başçısına müraciət etdilər


Bakı İnsan Hüquqları Klubu bir sıra məhbusların azad edilməsi xahişi ilə Azərbaycan prezidentinə müraciət edib. Müraciətin surəti Azərbaycan Respublikası Prezidentinin yanında Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə də ünvanlanıb.

Müraciət bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsi təcrübəsi nəzərə alınaraq və əfv məsələsi barədə qeyri-hökumət təşkilatlarına müraciət etmək (vəsatət qaldırmaq) imkanı verən ölkə qanunvericiliyi rəhbər tutularaq hazırlanıb.

“Müharibə dövründə və ondan sonra bir sıra ictimai çıxışlarınızda milli birlik və həmrəylik konseptlərinə istinad edərək məhz bu birliyin nəticəsində əzəmətli qələbə əldə edildiyini vurğulamısınız. Bu mövqe ilə birmənalı razılaşaraq hesab edirik ki, tarixi Qarabağ qələbəsi kontekstində geniş əfv sərəncamının verilməsi cəmiyyətdə bu birliyi daha da gücləndirər, yaranmış müsbət gözləntiləri qarşılamış olardı”, deyə müraciətdə qeyd edilir.

Hüquq müdafiəçiləri 100 nəfərin azad edilməsini xahiş edirlər. Onlar arasında həm ittihamları sübut etmək üçün mötəbər sübutların olmadığı işlər, həm də digər işlər üzrə müxtəlif müddətlərə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər var.

Bakı İnsan Hüquqları Klubu ötən ilin yazında hüquq müdafiəçisi Rəsul Cəfərov və vəkil Cavad Cavadov tərəfindən yaradılıb.

7gun.org xəbər verir ki, Cəfərovun Turan-a verdiyi məlumata görə, 110 nəfərlik siyahıya “Gəncə işi”nin (10 iyul 2018-ci il hadisələri ilə əlaqədar həbs edilənlər); “Tərtər işi”nin (2017-ci il); “Nardaran işi”nin (2015-ci il) fiqurantları; Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları; jurnalistlər; 1995-ci ildə XTPD qiyamı haqqında işlə bağlı həbs edilmiş 3 nəfər “ömürlük məhbus” daxil edilib.

Siyahıda qeyri-siyasi işlər üzrə həbs edilən şəxslərin də adları var.