Masallıda meşə massivi sahibkarlara satılıb - Bir kəndin ərazisi xarabalığa çevrilib


01.02.2021-Bakı/Azərbaycan-7gun.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayında meşə fondu torpaqları sahibkarlara satılır.

7gun.org-a müraciət edən sakinlər bildirir ki, satış işlərinə birbaşa Masallı RMTM-nin direktoru Adəm İsmiyev dayanır.

Onların bildirdiyinə görə, 18 saylı meşə dolayında sahibkarlar A.İsmiyevə meşə fondunda yol çəkmək və tikinti aparmaq üçün pul verirlər. "Vəziyyət belədir ki, meşə fonduna kərpic töküb və hətta tikintilər də aparırlar. Meşəkənar kəndinin aşağı hissəsi sanki xarabalığa çevrilib".

Şikayətçilər qeyd edir ki, sözügedən yolu meşə fondundan çəkən şəxslər çiyələklə məşğul olan sahibkarlardır.

Bildirək ki, hazırda ərazidə işlər davam edir. Mərkəzin direktoru Adəm İsmiyev isə sahibkarlara, daha doğrusu, çiyələk əkən şəxslərə bütün imkanları yaradıb. Təbii ki, təmənnasız etməyib.

Məsələ ilə bağlı ilgili qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.