Mobil operatorlardan narazılıqlar gündən-günə artır - Rəy sorğusunun nəticələri


Azərcell, Bakcell və Nar Mobile mobil operatorları mətbuatda yazılanlardan düzgün nəticə çıxartmırlar.

Ölkədəki problemlər dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla bitmir, həmçinin biznes sahəsində də kifayət qədərdir. Sirr deyil ki, geniş biznes şəbəkələri hakimiyyətdə təmsil olunan ayrı-ayrı məmurlara məxsus olduğundan bu sahəyə nəzarət mexanizmi işləmir. Məhz bunun nəticəsidir ki, həmin sahədə azad rəqabət demək olar yox səviyyəsindədir.

Ölkənin ən böyük biznes şəbəkələrindən olan mobil operatorlarda da vəziyyət ürəkaçan deyil. Bu barədə mətbuatda çoxlu məqalələr dərc edilib. Ancaq görünən odur ki, hər üç mobil operatorlar- Azərcell, Bakcell və Nar Mobile mətbuatda yazılanlardan düzgün nəticə çıxartmırlar. Həmin mobil operatorlar çətin sosial-iqtisadi problemlərlə yaşayan yoxsul təbəqənin balanslarından nəzərəçarpmayan dərəcədə qəpik-quruş çıxırlar ki, bunu da ölkə üzrə abunəçilərin sayı ilə hesablasaq ortaya ciddi rəqəmlər çıxır.

7gun.org olaraq mobil operatorlarla bağlı ölkə üzrə sorğulara başlayıb. İlk olaraq AğstafaQazax rayonlarında insanlar arasında sorğu keçirtdik. Sorğuda iştirak edən respondentlərin 95 faizi mobil operatorların fəaliyyətlərindən narazı olduqlarını bildiriblər. Respondentlərin böyük əksəriyyəti şikayətlənir ki, mobil operatorlar onları ayrı-ayrı xidmətlərə qoşaraq balanslarından müxtəlif məbləğlərdə pullar silir. Onlar internetin keyfiyyətinin çox aşağı olduğundan və meqabaytların sürətlə yoxa çıxdığından narazıdırlar.

"İstər Azərcell olsun, istər Bakcell, istərsə də Nar Mobile bizim xəbərimiz olmadan nömrələrimizi müxtəlif kampaniyalara qoşaraq hər gün balansımızdan əsassız pullar silirlər. Bu barədə müştəri xidmətlərinə etdiyimiz şikayətlərə belə cavab ala bilmirik. İnternetin sürətini aşağı verirlər. Meqabaytlarımız istifadə etmədiyimiz halda yoxa çıxır. Başqa seçimimiz yoxdur. Telefonlarımızı məcburiyyətdən işlədirik. Biz dərdimizi hara və ya kimə deyək? Belə də biabırçılıq olar?"-deyə sorğuda iştirak edən respondentlər bildirir.

7gun.org-ın məqalə ilə bağlı sözügedən mobil operatorlardan münasibət öyrənmək cəhdləri baş tutmadı.

Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

Lalə Rövşən