Ölkə mətbuatında Ağsu rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyevin rayonu feodal-patriarxal qanunları ilə idarə etməsi barədə çoxlu sayda məqalələr dərc olunmuşdur.
7gun.org Ağsu rayon sakinlərinin məlumatlarına və araşdırmalara əsasən İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyevin yarıtmaz və səriştəsiz idarəçiliyindən, korrupsiyaya qurşanmış tayfa birliyinin ağsaqqalı olaraq yaxın qohumlarının maraqlarını təmin etməsindən, əhalinin hüquqlarını kobud şəkildə pozmasından gələn xəbərləri ictimaiyyətə çatdırmışdır.
Eyni zamanda bildirmişdik ki, korrupsiyaya qurşanmış Ənvər Seyidəliyevin Regionların Sosial İqtisadi İnkişafına Dair Dövlət Proqramını şəxsi maraqlarına qurban verməsi Ağsu rayon əhalisinin kütləvi narazılığına, hətta, ixtişaşlara səbəb ola bilər.
16 aprel 2019-cu il tarixdə yüzdən çox Ağsu rayon sakini İcra hakimiyyətinin qarşısına toplanaraq 2 ay bundan öncə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında Ənvər Seyidəliyevin göstərişləri ilə dövlət orqanları tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərə etirazlarını bildirmişlər.
Zəlzələdən ziyan çəkən sakinlərə Prezident sərəncamına əsasən dövlət büdcəsindən ayrılmış 2 milyon manat vəsaiti Ənvər Seyidəliyev yaxın qohum-əqrabalarına və yardım almaq üçün rüşvət verən rayon sakinlərinə paylamışdır. Hətta,150-200 yaşı olan insan yaşamayan evlərə görə rüşvət əvəzində yardım pulları verilib.
Təzə tikilmiş və zəlzələ nəticəsində yaşamaq üçün evləri yararsız hala düşmüş şəxsi təsərrüfatlarına ağır maddi ziyanlar dəymiş çoxlu sayda rayon sakinlərinə zəlzələdən zərər çəkdiklərinə görə dövlət yardımı göstərilməmişdir.
Rayon sakinləri bildirirlər ki,dövlət tərəfindən zəlzələdən zərər cəkmiş Ağsu sakinlərinə ayrılmış 2 milyon manat yardım pulunun çox hissəsini Ənvər Seyidəliyev özü və yaxın ətrafı mənimsəmişdir.
Mənimsənilən pullar Ənvər Seyidəliyevin nüfuz dairəsində olan, zəlzələdən ziyan çəkməyən adamların və uçulub dağılmış köhnə evlərin hesabına rəsmiləşdirilib. Ənvər Seyidəliyev Prezident Administrasiyasındakı himayədarlarına arxalanaraq böyük həcimli korrupsiya əməliyyatını həyata keçirtmişdir.
Tayfa hakimiyyəti quran Ənvər Seyidəliyevin qanunsuz hərəkətlərindən və zülmundən Ağsu rayon sakinləri nə vaxt qurtulacaq?!
Korrupsiyaya qurşanmış icra məmuru kimi fəaliyyəti ictimai narazılığa səbəb olan Ənvər Seyidəliyevin cinayət xarakterli əməlləri barədə Prezident İlham Əliyevin məlumatı yoxdurmu?!
Söz ardı: Ənvər Seyidəliyevin Ağsu rayonunda dərəbəylik qaydalarını tətbiq etməsi ölkədəki mövcud idarə etme rejiminin törətdiyi fəsadların bariz nümunəsidir. "Balıq başından iylənər".