İmişli rayon sakini Heydərov Zahid Heydər oğlu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin qanunsuz hərəkətlərindən Prezident İlham Əliyevə müraciət edib.
Həmin müraciətin surətini 7gun.org-a göndərən Zahid Heydərov 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, 2012-ci ilin oktyabrından 2015-ci ilin oktyabr ayına kimi İmişli Olimpiya Kompleksinin müdiri vəzifəsində çalışdığını, rəhbərlik etdiyi Olimpiya Kompleksinin yetirmələrinin 2012-2015-ci illərdə beynəlxalaq yarışlarda uğurlar qazandıqlarını bildirmişdir.
Müraciətdən məlum olur ki, o, 2015-ci ildə Avropa idman oyunlarında İmişli rayonunda olimpiya məşəlinin yandırılması ilə bağlı yaradılmış kommisiyanın üç nəfər üzvündən biri olmuşdur. Zahid Heydərov müraciətində İmişlidə idmanın inkişafı üçün göstərdiyi xidmətlərə baxmayaraq, Vilyam Hacıyevin təşəbbüsü ilə heç bir əsas və səbəb olmadan işdən azad edildiyini bildirir. Vilyam Hacıyevin tapşırığı ilə işdən çıxarıldığı barədə dəfələrlə ölkə başçısına və digər aidiyyatı qurumlara şikayətlər edən Zahid Heydərovun hüquqları bu günə qədər bərpa olunmamışdır.
Ölkənin digər bölgələrində olduğu kimi İmişli rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev də özünü “padişah” olaraq hiss edir.
İmişli rayon sakinlərinin Vilyam Hacıyevin qanunsuz hərəkətlərindən və rayonu dərəbəylik qaydaları ilə idarə etməsindən şikayətləri bunu yazmağa əsas verir.