Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq
Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı Rusiya, Suriya və İrana Suriyanın İdlib vilayətində mülki vətəndaşları öldürməmələri bərədə xəbərdarlıq edib və "qırğının" qarşısını almaq üçün Türkiyənin əlindən gələni etdiyini deyib."Rusiya, Suriya və İran İdlib vilayətində minlərlə günasız vətəndaşı öldürür və ya öldürməyə hazırlaşır. Bunu etməyin! Türkiyə bu qırğının qarşısını almağa çalışır" - deyə, Tramp Twitter səhifəsində yazıb.
7gun.org Amerikaninsesi.org-a istinadən xəbər verir ki, Suriya və Rusiya qüvvələri üsyançıların Suriyakı son istehkamı olan İdlibdəki son hədəfinə bombardmanı gücləndirib. Suriya prezidenti Bəşər Əsəd həmin ərazini geri alacağına söz verib.
Türkiyə, Rusiya və İran liderləri sentyabr ayında Ankarada aylardır azı 500 min mülki vətəndaşın İdlibdən qaçmasına gətirib çıxaran münaqişədə "de-eskalasiyaya", yəni döyüşlərin intensivliyinin azaldılmasına dair razılıq əldə edib. Suriyada sülhün bərpası üzərində razılaşma ilə bağlı diplomatiya divara dirəndiyi üçün de-eskalasiya razılığı da dayandırılıb.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın çərşənbə axşamı Türkiyə nümayəndə heyətinin Moskvada danışıqlar aparmasından sonra Rusiyanın İdlibdəki hücumları dayandırmağa çalışacağını deyib.
Ankaranın bu yaxınlarda Amerikanın Suriyadakı kürd müttəfiqlərinə qarşı hərbi müdalixəsindən və Türkiyənin Rusiyanın S-400 raketdən müdafiə sistemini satın almasına baxmayaraq, ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla yaxın əlaqələr qurmağa çalışır.