Azərbaycan İranla neft-qaz ticarətini dayandırıb
Azərbaycan 2018-ci ilin oktyabrından ABŞ-ın Tehrana neft- qaz sektoru ilə bağlı sanksiyaları ərəfəsində İran vasitəsilə qaz alışını dayandırıb.
7gun.org bildirir ki, bu barədə "Turan” agentliyinə məlumatlı mənbələrdən bəlli olub.
2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın İrandan svop (swap) əməliyyatı çərçivəsində Türkmənistan qazını alacağı barədə razılığa gəlmişdilər.
Bu müqavilənin sayəsində 2017-ci ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) İrandan 1 mlrd. 761 mln. kubmetr qaz idxal edib. 2018-ci ilin üç kvartalında isə 0,7 mlrd. kubmetr çox qaz idxal edib.
SOCAR 2017-ci il noyabrın 22-dən Rusiyanın "Qazprom” şirkətindən qaz alır və 2018-ci ildə 0,8 mlrd. kubmetr qaz alıb. 2017-ci ildə 0,349 mlrd. kubmetr qaz ala bilib. Rusiya tərəfi ilə bu müqavilə 2018-ci ilin dekabrında başa çatır.
SOCAR bu alışın səbəbini onunla izah edib ki, "üçüncü tərəfdən alınan qazdan əsasən ixrac (əsasən Gürcüstan) üçün istifadə edilir və Azərbaycan üçün əlavə gəliri təmin edir”.
İdxal olunan qazın bir hissəsi Azərbaycanın qaz anbarlarına gedir.
İrana qarşı sanksiyalarla əlaqədar SOCAR qaz idxalının yarısını itirir və artıq Rusiyanın qazının alışının 2020-ci ilədək uzadılması təklifi ilə "Qazprom” müraciət edib.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov "Röyter”ə bildirib ki, "əgər Rusiyadan qaz almaq kommersiya baxımından bizim üçün faydalı olarsa, biz alacağıq”.
"Biz "Qazprom”a müqavilənin 2020-ci ilədək uzadılmasını təklif etdik. Satınalmaların həcmi kommersiya maraqları əsasında ildə 1 mlrd. kubmetrədək müəyyən ediləcək”, -E.Nəsirov qeyd edib.
İranın NICO şirkətinin "Şahdəniz” qaz layihəsində iştirakı (10%) və həmin Xəzər yatağından qaz ixracına təsir etməyəcəyi ilə bağlı ABŞ-ın zəmanəti Azərbaycanın böyük nailiyyəti sayılır.
ABŞ Maliyyə Nazirliyinin 2018-ci il noyabrın 2-də ABŞ-ın federal reyestrində dərc olunan elektron bildirişdə deyildiyi kimi, "yenilənən (5 noyabr) antiiran məhdudiyyətləri Azərbaycandan Türkiyəyə və Avropaya təbii qaz nəqli üçün təbii qazın (yataqların) mənimsənilməsinə və boru kəmərlərinin inşası və istismarı layihələrinə aid sövdələşmələri həyata keçirən və ya yardım edən şəxslərə şamil edilmir.
Sənəddə həmçinin deyilir ki, Türkiyə və Avropa ölkələri kimi ölkələrin enerji təhlükəsizliyini və enerji müstəqilliyini təmin edən layihələri antiiran sanksiyalarından çıxarıb.
NICO Azərbaycanın boru kəmərləri layihələrinə daxil deyil və onun "Şahdəniz” layihəsindən karbohidrogenlərin ixracından əldə olunan gəlirləri isə Avropa bankında ayrı xüsusi hesaba göndərilir.
İran neft ilə əməliyyatlara gəlincə, SOCAR Ticarət Evi - SOCAR Trading zəif ticarət aparıb, belə ki, İran nefti üzrə ixrac istiqamətləri, həmçinin ödəniş forması (ABŞ dolları ilə olmadığından bir çoxuna sərf etmir) ilə bağlı məhdudiyyətlər var idi.
10 ildir ki, Azərbaycandan İrana benzin satışı dondurulub.
Həmçinin Bakı bir neçə ildir ki, İrana qarşı əvvəlki beynəlxalq sanksiyalarla əlaqədar Tehrana dizel yanacağı satmayıb.
SOCAR-dakı mənbələr "Turan”-a bildiriblər, 2018-ci il martın 28-də Bakıda "Xəzər dənizində blokların birgə işlənməsi haqqında Azərbaycan Energetika Nazirliyi və İran Neft Nazirliyi arasında imzalanmış qarşılıqlı anlaşma haqqında memorandum”un həyata keçirilməsi ilə bağlı fasilə verilib.
Bu bloklara "Araz-Alov-Şərq” daxildir. 2001-ci ilin iyulunda İran hərbi katerlərin köməyi ilə "Araz-Alov-Şərq” blokunda işlərin qarşısını alıb.
25 illik müqaviləyə əsasən Azərbaycan 2001-ci ilin iyuluna qədər "Araz-Alov-Şərq” yataqlar qrupunu BP-nin rəhbərliyilə beynəlxalq konsorsium ilə birgə işləmək niyyətində idi.
Ancaq İranın aqressiv hərəkətlərindən sonra BP-nin rəhbərliyilə konsorsium bu layihədən imtina etdi.
ABŞ daim İran tərəfdən, xüsusən də nüvə proqramı ilə əlaqədar müxtəlif təhdidlərin olduğunu bildirir. Tramp 2018-ci ildə qoyulan sanksiyaların əsas səbəbi kimi bunu göstərir.
Belə sanksiyaların birinci hissəsi yazda tətbiq olunub və avtomobil sənayesi və metallurgiya ilə bağlıdır.
Noyabrın 5-də ABŞ İranla neft- qaz əməkdaşlığı üzrə sanksiya tətbiq edəcək.
"Bloomberg” agentliyi bildirib ki, ABŞ Yaponiya, Hindistan və Cənubi Koreya da daxil olmaqla səkkiz ölkənin İrana qarşı sanksiyaların ikinci hissəsi qüvvəyə mindikdən sonra İran neftinin alışını davam etdirməsinə razılıq verib. Çin bu qrupa daxildir, ancaq onunla danışıqlar davam edir. Əvəzində səkkiz ölkə İrandan neft idxalını azaltmağı vəd edib.