Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib?-Sumqayıt Dövlət Universitetində problem


Sumqayıt Dövlət Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu hələ də görünmür. Məlum olduğu kimi 2013-cü ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olundu.

Bundan sonra Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynova bu ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası da həvalə edilmişdi.

Nəhayət 5 mart 2014-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edildi. Lakin aradan çox az bir müddət keçdikdən sonra SDU-da yeganə islahatların məhz elə kadr dəyişikliklərindən ibarət olacağı artıq hamıya aydın oldu.

7gun.org Rubrika.az-a istinadən xəbər verir ki, öz növbəsində Elxan Hüseynov tərəfindən SDU-da keçirilən “islahatlar”da universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi.

Belə ki, Elxan Hüseynovun 2002-ci ilədək olan elmi fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx bağlıdır və orada işlədiyi illər ərzində Elxan müəllim öz ətrafında kifayət qədər etibarlı komanda toplaya bilmişdi. Aldığımız məlumatlara görə SDU-ya rektor təyin olunandan dərhal sonra Elxan Hüseynov öz komandasını da buraya gətirmişdir.

Bu isə universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəlib. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Ən təəssüfdoğurucu hal isə bundan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar atmadı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də daxil edildi. Həmin çıqlamalarda da bildirilirdi ki, yeni rektor universitetə təzə gətirdiyi fakültə və kafedra rəhbərlərinə tapşırıb ki, ilk növbədə qiyabiçi tələbələrə imtahan qiymətlərinin qalxması ilə bağlı əvvəlcədən xəbərdarlıq olunsun.

Belə ki, əgər əvvəl imtahan qiymətləri 50 manat idisə, bundan sonra 80 manat olacaq. Əla qiymət almaq istəyənlər isə 100 manat ödəməlidirlər. Yeni aldığımız məlumatlarda isə qeyd olunur ki, Elxan Hüseynov artıq bu tariflərə də yenidən “baxış keçirib” və nəticədə qiymətlər daha da qalxıb.
Digər tərəfdənn də rektor xaricdən tələbə transferləri məsələsini də tam olaraq “relsə” qoyub. Bir transferin qiyməti də 15 min manat məbləğində müəyyənləşdirilib. Bu gün universitetdə olan mənbələr yenidən bu ali təhsil müəssisəsində vəziyyətin daha da gərginləşdiyini xəbər verirlər. Həm də mənbələr təsdiq edirlər ki, universitet rəhbərliyində tənqidə qarşı immunitet çoxdan yaranmışdır. Bundan başqa tələbələr qiymətləri yeni mexanizimlə alırlar. Beləki, hər qrupda iki nəfəır qiymət alırsa qalanları konkret olaraq pula görə kəsirə qalır.

Əlbəttə, haram yolla sərvət qazanmağa aludə olanlar nəinki özgələrinin, hətta öz vicdanlarının səsini belə qulaq ardına vurmaqda çox mahir olurlar. Nəzərə almaq lazımdır ki, bu ali təhsil müəssisəsində gedən proseslər ölkənin bir çox informasiya vasitələri tərəfindən diqqətlə izlənilir.

Bir tərəfdən SDU-da yer almış “adi” korrupsiya halları, digər tərəfdən isə universitet daxilində aparılan intriqalar baş verənlərin müzakirələrə çıxarılması ilə yanaşı, müəyyən məqamların araşdırılmasını da olduqca maraqlı edir…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.