Polis “Amerikanın səsi” radiosunun müxbirini saxlayıb


Bu gün səhər saat 10:20-də Bakı şəhərində Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında "Gəncə işi" üzrə mühakimə olunanların bir qrup valideyninin etiraz aksiyası zamanı polis "Amerikanın səsi" radiosunun müxbiri Tapdıq Fərhadoğlunu (Quliyev) saxlayıb.

7gun.org-ın məkumatına görə bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edərək, onun əlindən kamerasını və mikrofonunu alıb.

Tapdıq Fərhadoğluna qarşı zorakılığı onun həmkarları -jurnalistlər görüblər və bu barədə DİN mətbuat xidmətinə və jurnalistlərin hüquqlarına əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı polisinin Monitorinq qrupuna məlumat veriblər.

Polisdə jurnalistin həmkarlarına və vəkilə telefon etməsinə imkan verilməyib. Onu idarədə yarım saat saxlayıblar, "bir daha belə şeylər etməməyi" tövsiyə ediblər.

DİN mətbuat xidməti və şəhər polisinin Monitorinq qrupu baş verənləri şərh etməyib.