Mitinq iştirakçıları polisə çağırılır
Müxalifətin 19 yanvar mitinqində iştirak edən şəxslər yaşayış yeri üzrə polis bölmələrinə çağırılır."Bu gün qeydiyyatda olduğum yer üzrə polis rəisi mənə telefon edərək 19 yanvar mitinqində iştirak edib-etmədiyimi soruşdu. Mən iştirak etdiyimi bildirdim. Xatırlatdım ki, mitinq icazəli idi və mən jurnalistəm. Bundan sonra yaşadığım yeri soruşdu və söhbəti bitirdi", - jurnalist Ramin Deko Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, belə vəziyyətlə ilk dəfədir üzlşir. Bundan öncə telefon etməyiblər, mitinqdə nə etdiyini, nə ilə məşğul olduğunu soruşmayıblar.
"Maraqlıdır ki, telefon zəngi mitinqdə istifadə etdiyim nömrəyə gəldi. Deməli, mənim barəmdə məlumat Azercell GPRS-dən verilib", - R.Deklo qeyd edib.
Onun sözlərinə görə, başqa jurnalistlər də belə problemlə üzləşiblər. Belə ki, Müşfiq Cabbarov da bildirib ki, sahə polis müfəttişi ona telefon edərək polis rəisinin onu çağırdığını deyib.
"Mən nə baş verdiyini soruşanda dedi ki, bölmədə bilərəm. Mən də dedim ki, rəsmi bildiriş göndərsinlər", - M.Cabbarov deyib.
Fəal Nigar Həzi deyib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşı Roman Allahverdiyev onu polisə çağırıb. "O, aydın şəkildə bir şey anlatmadı. Mən soruşdum ki, bəlkə bu 19 yanvar mitinqi ilə əlaqədardır, o, heç nə demədi", - N.Həzi qeyd edib.
İstifadəçi Şakir Məmmədov bildirib ki, ötən gün gecəyarısı onu Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar və mitinqdə iştirakı barədə soruşublar. O, idarədə 20-yə yaxın AXCP fəalı görüb.
"Kompüterdə anket məlumatları yoxlayan əməkdaş dedi: O, köhnələrdəndir, bizdə onun barəsində məlumat var, buraxın getsin" , - fəal sosial şəbəkələrdə yazıb.
Turan