“Ürəyi yanan İmişliyə gəl!”


Camaat İmişli rayonunda su tapmır 3-4 sot torpağında ağaclarını sulasınlar. Arpa-buğda, pambıq sahələri susuzluqdan məhv olub gedir. Su dəyirmanları susuzluqdan "quruyublar". Onlar ömürlərini deputat Əsabil Qasımovun elektriklə işləyən "Karmen" dəyirmanına bağışlayıb.

Vallah, indiki nəsil su dəyirmanlarının nə olduğunu belə bilmirlər. Susuzluqdan əziyyət çəkən əhali tərkibində 26 bakteriya aşkarlanmış kanal sularına belə şükür edirlər. İmişli rayonunda qum-çınqıl, karxana sahiblərinin daha çox sərvət toplamaq ehtirasları su axarlarını susuz qoyub. İmişli rayonunun aidiyyatı dövlət qrumları onlara yaxın durmaqdan çəkinirlər. İmişliyə Gəncədən, İsmayıllıdan su çənləri olan maşınlarda su gətizdirib yanacaqdoldurma məntəqələrində olduğu kimi sayqaclı aparatla satdırırlar. 1 litr suyun qiyməti 1 litr benzinin qiymətinə bərabərdir.

Ölkə rəhbərliyinin xəbəri varmı ki, Aran rayonlarında, xüsusilə, İmişlidə insanların sağlamlığı üçün ciddi təhlükə yaşanır. Həkimlər çirkli sulardan əmələ gələn daşlarla dolu öd kisələrini 1000 manata əməliyyat edib götürürlər. Çirkli sulardan istifadə edən əhali müxtəlif xəstəliklətdən əziyyət çəkib taqətdən düşür. Lakin aidiyyatı dövlət orqanları əhalinin harayını eşitmir.

Su həyatdır, amma İmişlinin suyu həmin həyatı zəhərləyir.

Mövzunu davam etdirəcəyik.

Məhbub Zülfüqarlı

7gun.org