“Bu dövrün sabahı qorxudur məni”
7gun.org saytı tanınmış şair Bəxtiyar Hidayətin şerlərini təqdim edir:
Bu dövrün sabahı qorxudur məni
Bilmirəm kim necə, nə cür edəcək
Onu bilirəm ki, sabah bu millət
Bu günkü gününə şükür edəcək
Ucaldır zəmanə julik insanı
Yalandı, ucaltmır bilik insanı
Ən ali dəyərə malik insanı
Ən alçaq işlərə məcbur edəcək
Sərvət gəldi, getdi, seyfə çəkilib
Irəli bir- iki tayfa çəkilib
Çörək imam kimi qeybə çəkilib
Gözləyək, bəlkə də zühur edəcək
Iki ağac üçün qalxdıq ayağa
Indi yaşıllığa qənimik, qağa
Özümüz başlarıq yarpaqlamağa
Dövran göz yaşını puçur edəcək
Yaralı Bəxtiyar deyənlər haxdı
Dönübdü taleyi, dönübdü taxtı
Bir də görəcəksən bir qanun çıxdı
Vicdanı insana qüsur edəcək
CIĞALI TƏCNİS
Yurdun altı qızıl, üstü qızılmış
Di gəl görək düşdü kimə nə, nədən?
Aşıq deyər kimə nə
Kimlər qalxa kim ənə?
Qanmazı qandırınca
Dəydi mənimki mənə
Var dövlət qan kimi keçir deyəsən
Kiminə babadan, kimə nənədən
– –
Deyilsin nə sənə, nə mənə nələr
Eylədi gözləri nəm ənənələr
Aşıq deyər nə mənə
Susuz üzə nəm ənə
Altı günə yarandı
Beşgünlükdü nəmənə?
Gəldi başımıza nəmənə, nələr?
Kimi baxtdan gördü, kim ənənədən
– –
Tapılmaz bir dövlət bir də var məndə
Yoxdu damazlığa bir davar məndə
Aşıq deyər bir də var
Dost kuyinə bir də var
Yüz nadandan yey olar
Bir qaramal, bir davar
Bəxtiyar, dərd beş də, bir də var məndə
Mənim bu dərdimdən kimə nə nədən?
***
Ölçülə bu dövrün boyuna boz ip
Kişilik, şəxsiyyət pulnan ölçülür
Özü döy özünü ifadə edən
Bu hal oynadığı rolnan ölçülür
Oldu Yalıncığa cangüdən Beyrək
Əyrilər it xılı, düz qalıb seyrək
Dildə İrəvana sancırıq bayraq
Guya qəhrəmanlıq dilnən ölçülür
Yaxındı bağrıma köz məsafəsi
Var bir həqiqətin yüz məsafəsi
Pisliyin mənzili göz məsafəsi
Yaxşılıq qarışnan, əlnən ölçülür
Qarışıb aralıq, itibdi məzhəb
Cırıq şalvar kimi cırıqlıq bir dəb
Yaltaqlıq, alçaqlıq olubdu məktəb
Sədaqət, etibar yalnan ölçülür
Yaralı Bəxtiyar, qızıl olmaz sink
Dilim şaka oldu, əlim qabbarsink
Qələm adamının çörəyi – reytinq
O da bir arxada xalnan ölçülür