Dövlət başçısı problemli kreditlərlə bağlı fərman verdi


Azərbaycan prezidenti İlham Əliyev problemli kreditlərlə bağlı fərman verib.

Fərmana əsasən, dövlət fiziki şəxslər tərəfindən 10 min dollara qədər götürülən kreditlərin devalvasiya nəticəsində artmış hissəsini üç aydan gec olmayaraq ödəyəcək.

Dövlət ödənişi aşağıdakı qaydada aparacaq:

- 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kreditlər üzrə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

- 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kreditlər üzrə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi.

Fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası 15 gündən gec olmayaraq artmış hissənin ödənilməsi mexanizmini təsdiq etməlidir.

Mərkəzi Bank isə banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verəcək.

Mərkəzi Bank nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızları verəcək.

Azərbaycanda 2015-ci ildə iki devalvasiya vaş verib. Fevralın 21-də olan devalvasiya nəticəsində manatın dollara qarşı olan kirsu 0,78 manatdan 1,05 manata qədər dəyişib. Həmin il dekabrın 21-də olan devalvasiya nəticəsində dolların kursu 1,55 manata qədər artıb.

Dövlət Statistika Komitəsinin 2018-ci il üçün məlumatına əsasən, bankların kredit portfeli 13 milyard manatdır ki, bunların da 12,2% problemli kreditlərdir.