Şirkət rəhbərləri “təyinatı üzrə xərcləməmə”də təqsirli bilinirlər


Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bəzi şirkət rəhbərlərinə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinə başlayıb.

7gun.org xəbər verir ki, bu barədə Baş Prokurorluğun iyulun 31-də yaydığı məlumatda deyilir.

Cinayət işlərinin başlanmasına səbəb götürülən kreditlərin təyinatı üzrə xərclənməməsi göstərilir.

Verilən məlumata görə, cinayət işləri Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş materiallar üzrə qaldırılıb.

Məlumatda vurğulanır ki, "Göyçay-Konyak zavodu" ASC-nin İdarə Heyətinin sədri Vaqif Məmmədovun aldığı kreditlərə görə ödənilməmiş borcları olub. Həmin borcları ödəmək qabiliyyətində olmadığı halda 2013-cü ildən direktoru olduğu "Nicat" firmasının götürdüyü kreditlərin ödənilməsi üçün kifayət qədər əsas və dövriyyə vəsaitlərinə malik olması barədə "Texnika bank" ASC-yə təqdim etdiyi kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil edib.

"Bankdan dövriyyə vəsaitinin genişləndirilməsi məqsədilə 150 min manat məbləğində kredit alaraq həmin vəsaitin təyinatı üzrə istifadə edilməsini və ödənilməsini təmin etməyərək şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda deyilir.


Məlumata görə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "KR" MMC-nin təsisçisi və direktoru Rəhman Gülməmmədov da Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil bank olan "Kredobank" ASC-dən ayrı-ayrı vaxtlarda aldığı 850 min manat məbləğində güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditinin 347 min 872 manatını təyinatından yayındıraraq şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr vardır.

Cinayət işləri üzrə V.Məmmədov və R.Gülməmmədovun dövlətə və müvəkkil bankların qanunla qorunan mənafelərinə külli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar yarandığından hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 195.2-ci (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.