Molla məclisi...
Yas məclislərində mollaların maraqlı söhbətləri olur. Hətta görürsən ki, söhbət o qədər qızışır ki, molla əmi məclisin diqqətindən cuşa gəlib,Adəm peyğəmbərin zamanında baş verən hadisələri belə, dövrümüzdə baş verən hadisələrdən də dəqiqliklə xırdalamağa başlayır.
Molla məclisinin maraqlı tərəflərindən biri də budur ki, molla halal-haramdan, günahdan,zülmdən danışanda elə danışır ki, sanki bütün bunlar ancaq 1400 il bundan öncəyə aiddir. Onu da deyim ki, mollalar da çox siyasətçil tayfadır. Elə ki, bir nəfər yerindən ölkədə baş verən haqsızlıqlar barədə danışmağa başladı, həmin dəqiqə molla: "İlahi Amin" -deyərək "Fatihə" surəsini oxumağa başlayır. Yani ki,"ay bala, yersiz danışma də, imkan ver çörəyimi qazanım."
Ümumiyyətlə bu "Fatihə" surəsi son zamanlar yaman siyasiləşibdir. Bir də görürsən məclisdə əyləşən hansısa bir vəzifəli şəxs, söhbətin başqa məcaraya yönəldiyini görəndə üzünü mollaya tutaraq: " Hacı bir fatihə ver, duraq" -deyib onlar üçün uyğunsuz söhbətləri bir "Fatihə" surəsi ilə susdurur. "Fatihə" surəsi yas məclislərində mollaların ən böyük silahıdır.
Yas məclislərini molla açır, molla da bağlayır. "Fatihə" surəsi, gəlib gedəni qarşılamaq və yola salmaqla bərabər, danışanların sözünü kəsmək vasitəsi olduğu kimi, "Yasin" surəsi nədənsə, ancaq qəbiristanlıqda ölünün üstündə, bir də günorta, yemək vaxtının çatdığını bildirmək üçün oxunur. Nəsə bu molla məclisləri mənim üçün çox maraqlı bir məclisdir.
Son zamanlar bəzi siyasətçilərimiz də mollalıq etməyə başlayıb. “Siyasətçi molla” titulu alanların sayı günü-gündən artmaqda davam edir. Artıq bəzi təşkilatların məclisləri yas məclislərinə bənzəyir. Belə davam edəcəksə yaxın zamanlarda yaqin ki, siyasi təşkilatların iclasları "Fatihə" surəsi ilə açılıb, "Fatihə" surəsi ilə yekunlaşacaq. İclaslarda özlərinə sərf etməyən məsələlərin müzakirə olunduğunu görən başda oturan adam yerdən birinin qaldıraraq, “bir Fatihə oxu” - deyəcək. Maşallah olsun siyasi təşkilatlarımızın da əksəriyyəti hacılarla, məşədilərlə, “ağa”larla doludur. Hətta müraciət formaları da dəyişilərək, yavaş-yavaş “Hacı”, Ağa”, “Məşədi”, “Kərbalayi” kimi müraciətlərlə əvəz edilir.
Siyasətçilərimizin əksəriyyətinin bu cür titulları olduğu üçün, artıq siyasi toplantılarımız da yavaş-yavaş yas məclislərinə bənzəyir.
Başqalarını deyə bilmərəm, ancaq mənim molla məclisindən doğurdan da xoşum gəlir. Onsuz da bu nəmənədirsə axır-əvvəl hər birimizin qapısında molla səsi gələcək. Mənə elə gəlir ki, buna görə də, siyasətçilərimiz artıq aktual məsələnin nə olduğunu anlamağa başlayıblar. Bu da bir siyasi gedişdir də, onsuz da 25 ildir bütün gedişlər yoxlanılıb, bu niyə sınaqdan çıxarılmasın ki...
Bu günə qədər siyasətçi kimi xalqla dil tapa bilməyənlər bəlkə molla kimi dil tapacaq...
Ancaq narazı qaldığım bir məsələ var; siyasətçinin mollalıq etdiyi məclislərdə nədəndirsə ehsan süfrəsi açılmır. Ona görə də aktual məsələ olduğu üçün mən də belə bir təklif etmək istəyirəm; uzaqdan-yaxından gələn var - heç olmasa bunları nəzərə alıb günorta vaxtı bir "Yasin" surəsini də oxusunlar. Hörmətli şeyximizin yas məclislərində israfçılıq edilməməsi tapşırığını bilirəm, 1 stəkan çayla və 1 dilim halvayla sizə söz gəlməz.
İLAHİ AMİN!
Bu yazını oxuyanların salamatlığı üçün bir salavat...
Elşən Əlisoy