Spirtli içkidən sonra niyə yaddaş çatışmazlığı baş verir?
Bayram zamanı miqdardan artıq spirtli içki qəbul etdikdən sonra bir neçə saat ərzində baş verən hadisələr yaddaşdan tam və ya qismən silinir. Bir çoxları həyatlarında bir dəfə də olsun bu cür halla qarşılaşıb.
Həddən artıq spirtli içkinin qəbul edilməsi nəticəsində yaranan amneziya ABŞ prezidenti Donald Trump tərəfindən Ali Məhkəməyə təyin edilən hakim Brett Kavanaugha qarşı irəli sürülən cinsi təcavüzlə bağlı ittihamların müzakirə mövzusu olub. İttihamçılardan biri iddia edir ki, 36 il əvvəl Kavanaugh 17 yaşında olarkən tələbə ziyafətlərindən birində ona hücum edərək guya ona təcavüz etməyə cəhd edib. Digəri isə təqribən həmin illərdə Kavanaughun sərxoş olan zaman onun qarşısında şalvarını soyunduğunu danışıb.
Kavanaugh özü qətiyyətlə bu ittihamları rədd edir. Onun iddialarına görə, o həmin ziyafətdə olmayıb və bu hekayə prezident Trumpın təyinatının qarşısını almaq üçün demokratlar arasındakı düşmənləri tərəfindən uydurulub. Bəziləri ehtimal edirlər ki, Kavanaugh spirtli içki ucbatından yaddaş pozuntusundan da əziyyət çəkə bilər. Lakin onun özü bu ittihamları da qətiyyətlə rədd edir.
Spirtli içki bulanması (blackout) nədir?
Yaddaşda bu cür pozuntular o zaman qeydə alınır ki, insan içkinin təsiri altında olan zaman beyin hadisələri, baş verənləri yadda saxlamır. ABŞ-ın Alkoqolla Mübarizə Milli İnstitutunun məlumatına görə, bu ona görə baş verir ki, yaddaşa və hadisələrə görə cavab verən beyin nahiyəsi - hipotalamus spirtli içkinin təsiri altında müvəqqəti olaraq fəaliyyətini dayandırır. Nəticədə məlumatların yazılması və qorunması sistemində boşluqlar yaranır.
Yaddaş itkisinin iki növü var:
Tez-tez rast gəlinən forması - parçalanmış yaddaş itkisidir. Bu o zaman baş verir ki, insanın yaddaşında hadisələr qırıq-qırıq qalır və o, vacib xırdalıqları xatırlaya bilmədiyinə görə, müəyyən vaxt ərzində baş verənləri əlaqəli şəkildə təsvir edə bilmir. Ekspertlərin sözlərinə görə, belə olan halda bir qayda olaraq müəyyən səylər nəticəsində yaddaşda hadisələrin baş vermə şəklini bərpa etmək mümkün olur.
Yaddaşın tam itməsi - amneziyanın ağır formasıdır. İnsan bir neçə saat ərzində baş verənləri ümumiyyətlə xatırlamır. Bu halda hadisələr beyində qeydə alınmadığına görə onları bərpa etmək qeyri-mümkün olur.
Bu nə qədər yayılıb?
Aparılan araşdırmaların nəticələri göstərir ki, xüsusulə spirtli içkidən istifadə edən gənc insanlar arasında parçalanmış yaddaş itkisinə tez-tez rast gəlinir.
"Spirtli içkidən istifadə edən gənc insanların 30-50 faizi bir dəfə də olsun yaddaş itkisindən əziyyət çəkdiklərini etiraf ediblər ", - Brown universitetinin professoru Kate Keri deyir.
Yaddaş itkisi spirtli içki qanda müəyyən konsentrasiyaya (qatılıq) çatan zaman baş verir. Amneziya qısa müddət ərzində böyük miqdarda və ya acqarına spirtli içkinin qəbul edilməsi nəticəsinə yarana bilər. Yaddaş itkisi spirtli içki konsentrasiyası qanda 0,2 faizə (2 ppm) çatan zaman baş verir. Məsələn, ABŞ-da spirtli içkinin konsentrasiyası 0,08 faiz səviyyəsində olan zaman avtomobili idarə etmək olmaz.
Buna kim daha çox meyllidir?
Araşdırmanın nəticələri göstərir ki, spirtli içkidən yaranan yaddaş itkisi əsasən çəkisi az olanlar və həmçinin qadınlar üçün xarakterikdir. Bu isə onunla əlaqədardır ki, qanda spirtli içkinin konsentrasiyası daha sürətlə artır, çünki qadınların orqanizmində su tutumu daha azdır. Spirtli içkidən istifadə zamanı insanın yaddaş itkisinə meylli olmasında genetik amil də rol oynayır. Ekspertlərin sözlərinə görə, əgər insan spirtli içkidən istifadə edən zaman siqaret çəkirsə və ya yüngül narkotikadan istifadə edirsə, o zaman yaddaş itkisi ehtimalı artır.
Yaddaş itkisinin görünən əlamətləri varmı?
Professor Keri-nin sözlərinə görə, bu mütləq deyil. Bizim qısamüddətli yaddaşımız spirtli içkinin təsirinə kifayət qədər davamlı olduğuna görə, bəzi adamlar həddən artıq içdiklərinə baxmayaraq enerjili və fəal qalmaqla yanaşı, hətta yaddaş itkisi baş verənə qədər olan hadisələrdən də danışa bilirlər. Sadəcə onlar sonra bunu xatırlamırlar. Başqalarında isə bu əlamətlər özünü göstərə bilər. Məsələn, onların diqqəti yayına bilər və söhbət etmək bacarığını itirə bilərlər.
Nəticələr hansılardır?
ABŞ-ın Alkoqoldan Asılılıqla Mübarizə mərkəzlərinin məlumatına görə, bəzi insanlar spritli içkinin təsiri altında olarkən ayıq olan zaman onlar üçün xarakterik olmayan təhlükəli davranışlar nümayiş etdirə bilərlər. Bu ona görə baş verir ki, spirtli içki qərar qəbuletmə mexanizminə əhəmiyyətli təsir göstərir. Alimlərin dediklərinə görə, belə olan halda yaddaşdan gündəlik fəaliyyətlər də silinə bilər. Məsələn, insan dişlərini necə fırçaladığını və ya yatağa necə uzandığını xatırlamaya bilər.
Bundan başqa yaddaşın tam itirilməsi alkoqol asılılığının formalaşmasını meydana çıxara bilər ki, bu da öz növbəsində ciddi xəstəliklərə, məsələn ciyərin fəaliyyətində pozuntulara yol aça bilər.
Bu insanın sönməsi deməkdirmi?
Xeyr. Bu halda insan spirtli içkinin təsiri altında yuxuya gedir və ya huşunu itirir.
Blackout zamanı sərxoş aktiv fəaliyyətini davam etdirir, hansı ki, sabah bu barədə heç nəyi xatırlamayacaq.
BBC AZƏRBAYCAN