Cavid Şirəliyev hakimiyyətə çağırış etdi-BƏYANAT


7gun.org informasiya portalının rəhbəri-jurnalist Cavid Şirəliyevin

BƏYANATI

Son illərdə ölkədə müstəqil mətbuatın tamamilə sıradan çıxarılması və araşdırmaçı jurnalistlərin susdurulmasi istiqamətində çox ciddi tədbirlər həyata keçirilir. Məhz bütün bunların nəticəsidir ki, müstəqil mətbuatın və araşdırmaçı jurnalistlərin informasiya əldə etmək və yaymalarına süni əngəllər, həmçinin manelər yaradılır. Hakimiyyət insan hüquq və azadlıqların müdafiəsində duran, ölkədə tüğyan edən rüşvət və korrupsiyanın mənşəyini araşdıran media qurumlarına və jurnalistlərə qarşı müxtəlif təqib, təhdid və təzyiq vasitələrindən istifadə edir.

Bu sırada hakimiyyətlə yanaşı müxalif siyasi fəaliyyətə iddialı olan bəzi partiya funksionerlərinin, hüquq müdafiə təşkilatlarının və hüquq müdafiəçilərinin də məsuliyyəti kifayət qədərdir. Belə ki, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının müdafiəsi sahəsində özünü biruzə verən ikili yanaşma tərzi vəziyyətin daha da ağırlaşmasına səbəb olmuşdur.

Məhz bunun nəticəsidir ki, bir neçə ay öncə ölkədəki rüşvət və korrupsiya sahəsində apardığım jurnalist araşdırması ilə əlaqədar müxtəlif dövlət orqanlarına, idarə müəssisə və təşkilatlara rəsmi informasiya sorğularına hal-hazıra kimi sorğulara qanunla müəyyən edilmiş vaxtda cavab verilməmişdir. Buna görə də mən iddia ərizəsi ilə aidiyyatı məhkəmələrə müraciətlər etmişəm. Mənim iddialarım üzrə artıq bir neçə məhkəmə qərarları vardır.

Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinə də iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir şəhər, Ağsu və Zaqatala rayon İcra Hakimiyyətlərinin üzərinə sorğularıma cavab vermək öhtəliyinin qoyulması barədə qərarı çıxarılmasını xahiş etmişdim. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Şəki İnzibati-İqtisadi Məhkəməsi iddiamı təmin etdi. Lakin cavabdeh tərəflər bu günə qədər məhkəmə qərarlarını icra etmirlər. Bu hal göstərir ki, hakimiyyətdə təmsil olunan məmurlar, hətta Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarlarına sayğısız münasibət göstərirlər. Bu tipli 100-lərlə fakr mövcuddur. Görünən odur ki, hakimiyyət müstəqil mətbuata və araşdırmaçı jurnalistlərin fəaliyyətinə bütün mümkün vasitələrlə mane olur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə hörmət edilmir.

Yuxarıda göstərdiyim xüsusatlara əsasən:

1. Hakimiyyətin müstəqil mətbuata və araşdırmaçı jurnalistlərə qarşı təqib, təhdid və təzyiqlərini kəskin şəkildə qınayır və pisləyirəm, həmçinin belə qanunsuz əməl və hərəkətlərə son qoymağa çağıram;

2. İnsan hüquq və azadlıqlarının, habelə söz və mətbuat azadlığının müdafiəsi sahəsində çalışan hüquq müdafiəçilərinin, siyasi partiya funksionerlərinin insan haqlarının və müstəqil araşdırmaçı jurnalistlərin müdafiəsində ikili yanaşma prinsiplərinə qəti etirazımı bildirirəm;

3. Hakimiyyətdən tələb edirəm ki, qanunvericiliklə müəyyən edilmiş prinsiplərə uyğun olaraq müstəqil mətbuatın və araşdırmaçı jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılsın, bu istiqamətdə süni maneələr və əngəllər aradan qaldırılsın, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərar və qətnamələrinə sayğısız yanaşan məmurlar cəzalandırılsın.

17.02.2020-ci il