“Azərbaycan hakimiyyətinin Xədicəyə qarşı etdiyi haqsızlıq hələ bitməyib”-Amnesty İnternational


Amnesty İnternational təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə müavini Denis Krivoşeyev Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) jurnalist Xədicə İsmayılovanın işi üzrə bugünkü qərarı ilə bağlı bildirib: “Saxta ittiham üzrə həbs cəzası çəkən tanınmış jurnalist Xədicə İsmayılovanın işi Azərbaycanda tənqidi səslərin təqib olunmasından xəbər verir. Məhkəmə onun azadlıq və təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu müəyyən edərək hakimiyyətin onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq istədiyi qənaətinə gəlib.

“Azərbaycan hakimiyyətinin Xədicəyə qarşı etdiyi haqsızlıq hələ bitməyib. Ona qarşı ədalətsiz ittihamlar qaldırılmadığı üçün məhkumluğu var və tətbiq olunan məhdudiyyətlər, o cümlədən səfər qadağası hələ də qüvvədədir.

Biz Azərbaycan hakimiyyətini bütün qanunsuz məhdudiyyətləri, həmçinin Xədicə İsmayılovanın barəsində hökmü ləğv etməyə və ona kompensasiya verilməsi barədə məhkəmə qərarına əməl etməyə çağırırıq. Hakimiyyət onu tənqid edənləri susmağa məcbur etmək üçün siyasi səbəblərlə təqiblərə son qoymalıdır”, - Krivoşeyev deyib.

7gun.org Turan İA-nə istinadən xəbər verir ki, Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunmuşdu və 2015-ci ilin sentyabrında uydurma ittihamlarla, o cümlədən vergidən yayınma və vəzifə səlahiyyətini aşma ittihamları ilə yeddi il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan azadlığa buraxılıb, amma məhkumluğu götürülməyib.

Amnesty İnternational onu vicdan məhbusu kimi tanıyıb.