Ceyhun Nəbinin həbsi dövlətin güc sturukturlarının həyata keçirdiyi insan oğurluğu hadisəsidir


“Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbinin həbsi, daha doğrusu hökümət orqanları tərəfindən oğurlanması Azərbaycanda mövcud idarəçiliyin baris göstəricisidir”.

7GUNaz xəbər verir ki, bunu Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək" İB-nin sədri Elşən Əlisoy deyib. Ceyhun Nəbinin həbsinin detalları barədə heç kimə, o cümlədən ailəsinə məlumat verilməməsini əslində hakimiyyət tərəfindən həyata keçirilən insan oğurluğu hadisəsi olduğunu qeyd edən Elşən Əlisoy cəmiyyət olaraq bu cür hallara qarşı müqavimət göstərməyin vacib olduğunu vurğulayıb:

"Ceyhun Nəbi ilə dostam. Ceyhun bəy bir zamanlar mənim də təmsil olunduğum Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Gənclər Komitəsinin sədri olub. Ceyhun bəy savadlı, dövlətçiliyimizə sadiq, cümhuriyyətimizin tarixini araşdıran araşdırmaçı yazardır. Hakimiyyətin cümhuriyyətimizn 100 illiyi ilə bağlı reklam xarakterli tədbirlərindən fərqli olaraq, Ceyhun Nəbi "Sovetlərlə üz-üzə" adlı kitabı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə özünün töhfəsini verib. Ceyhun bəyə qarşı irəli sürüləcək hər hansı bir ittiham cəmiyyətdə qəbul edilməyəcək. Cəmiyyət olaraq hər birimizə məlumdur ki, Ceyhun Nəbinin həbs olunması onun sosial şəbəkələrdə olan fəaliyyəti ilə bağlıdır".
Elşən Əlisoy qeyd edib ki. hətta istənilən halda həbs edilən şəxslə qanunla rəftar olunmalıdır: "Qanunla hər hansı bir şəxs həbs edilərsə, ilk növbədə onun hüquqlarından istifadə etmək haqqı tanınmalıdır. Həbs edilən şəxsin yaxınlarına bununla bağlı məlumat verilməli, hansı polis bölməsində olması bildirilməli və vəkillə təmin olunmaq hüquq tanınmalıdır. Ceyhun Nəbinin həbsində qanunun tələb etdiyi imkanlar pozulduğu üçün artıq bu hadisə həbs yox, dövlətin güc sturukturlarının həyata keçirdiyi insan oğurluğu hadisəsidir.
Cəmiyyət olaraq bu tip qanunsuz hadisələrə təpki göstərməyin vacib olduğunu qeyd edən Elşən Əlisoy bildirib ki, ziyalılarımız dövlətimizin gələcəyi olan gənclərimizə sahib durmalıdır: "

"Hər bir dövlətin gələcəyi onun intelektual, vətənpərvər gənclərinin varlığından aslıdır. Ziyalılarımız, yazarlarımız, elm adamları, təşkilat rəhbərləri hər biri Azərbaycan gəncliyini qorumalıdır. Mən ziyalılarımıza səslənirəm, Azərbaycan gəncliyini sahibsiz qoymayın. Azərbaycanın gələcəyi Ceyhun Nəbi kimi istedadlı gənclərin çiyinləri üzərindədir. İki gündür ki, Ceyhun Nəbinin valideyinlərinin övladlarının harda olmasından məlumatları yoxdur. Dövlət qurumları övladlarının harda olması, hansı qurumda olduğu haqda yaxınlarına məlumat vermir. Minlərlə şəhidimizin qanları bahasına ərsəyə gələn Azərbaycan Dövləti bu gün xaosun-özbaşınalığın hökm sürdüyü acınacaqlı bir vəziyyətə düşüb. Ziyalıların dövlətimizin bu durumuna susmağa haqları yoxdur. Bizim birlikdə dövlətimizə sahib durmayacağımız təqdirdə, bu hadislər sizin də, bizim də başımıza gətiriləcək. Heç birimiz bu tip qanunsuzluqlardan sıgortalanmamışıq.”