Məhkəmə prosesində ağılasığmaz biabırçılıq-hakim: "Mənim sizə heyfim gəlir..."


Dünən Şəki Apelliyasiya məhkəməsində "Tərtər işi" ilə bağlı keçirilən prosesdə biabırçılıq baş verib. Hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi prosesdə 2017- ci ilin may ayında Tərtər bölgəsində hərbçilərin ağır işgəncələr altında qətlə yetirilməsində iştirak etmiş bir qrup Müdafiə nazirliyinin vəzifəli şəxslərinin apelliyasiya şikayətinə baxılıb. O şəxslər ki, onlar 22 il Azərbaycan Ordusunda nümunəvi xidmət göstərmiş, 2 aprel döyüşünün qəhrəmanlarından olan, öldürüldükdən sonra bəraət almış polkovnik Saleh Qafarovun və digərlərinin qətlə yetirilməsində iştirak ediblər...

7gun.org-ın məlumatına görə bu sözləri hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk hesabında yazıb. O bildirib ki, Məhkəmə prosesində qətlə yetirilən hərbçilərin ailə üzvləri zərərçəkən kimi iştirak ediblər: "Maraqlıdır ki, məhkəmə önünə çıxarılan şəxslər ən azından 8 nəfərin ölümündə təqsirli bilinsələr də onlara qarşı irəli sürülən ittihamda Cinayət Məcəlləsinin 120- ci maddəsi İttiham Aktindan xaric edilib (!?) və onlara 6 il cəza verilib (!?).

Dünən keçirilən məhkəmənin gedişində hakim Mirbahəddin Hüseynov günahsız hərbçiləri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirən şəxsləri qəhrəman kimi qələmə verib və deyib: "Mənim sizə heyfim gəlir, siz qəhrəmanlıq etmisiniz (!?). Vətən xainləri ölməlidir. Nə etməli, yoxsa dövlət vətən xainlərini havayı yedirib içirməlidir?". Hökm çıxarmazdan əvvəl hakimin mövqe bildirib hərbçilərin öldürülməsində iştirak edən şəxsləri müdafiə etməsi hərbçilərin valideynlərini və ailə üzvlərini hiddətləndirib və onların etirazına səbəb olub. Hakim "rədd olun məhkəmə zalından, bura sizin üçün mitinq deyil" deyib qətlə yetirilmiş hərbçilərin ailə üzvlərini məhkəmə zalından polisin iştirakı ilə qovub və prosesi qapalı aparıb...

Hakimin qanunsuz və qeyri- etik hərəkətləri ilə bağlı valideynlər Ədliyyə nazirliyinə və Məhkəmə Hüquq Şurasına müraciət ediblər...

Baş verənlər biabırçılıq olmaqla əslində Tərtər cinayətlərinin növbəti mərhələdə- məhkəmə müstəvisində gizlədilməsi və hərbçilərimizi xüsusi qəddarllq və amansızlıqla öldürlüməsinə bəraət qazandırılması cəhdidir. Yeri gəlmişkən valideynlər bildirir ki, hərbçiləri qətlə yetirən həbsdə olan Müdafiə nazirliyinin vəzifəli şəxsləri adı çəkilən nazirlik və hərbi prokurorluq tərəfindən hələ də himayə olunur: "Nazirliyin yüksək vəzifəli şəxsləri həbsxanaya onlara sovqat göndərir, ailələrinin ehtiyaclarını qarşılayır. Tez bir zamanda azadlığa çıxmalarına çalışırlar. Təki onlar danışmasınlar. Hərbçiləri kimin göstərişi və əmri ilə öldürdüklərini deməsinlər (!?)".

Yəqin ki əlavə şərhə ehtiyac yoxdur. İnanıram ki mübariz insanlarımız, xalqımız Ordumuzun sındırılmasına, nüfuzdan salınmasına yönəlmiş günahsız hərbçilərimizin ağır işgəncələrlə qətlə yetirilməsi cinayəti ilə barışmayacaq. Bu cinayətin tam açılması və günahkarların layiqli cəzalarının alması üçün gərəkən bütün addımları atacaq!

Allah rəhmət eləsin!"-deyə Oqtay Gülalıyev yazıb.