SOCAR -ın "qara qutusu" vurulur?


SOCAR-ın vitse-prezidentlərindən biri, şirkətin "qara qutusu" adlandırılan Mikayıl İsmayılovun bəzi səlahiyyətlərinin əlindən alınması ilə bağlı informasiya yayılıb.

7gun.org bildirir ki, Sozcu.az-a daxil olan məlumata görə, SOCAR-ın vitse-prezidenti, şirkətin "qara qutusu" adlandırılan Mikayıl İsmaylovun SOCAR-ın təchizat və satınalması üzərində olan imkanları əlindən alınaraq sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirova həvalə edilibdir.

Əldə etdiyimiz digər məlumata görə, ARDNŞ-dəki bütün təchizat rəisləri M.İsmayılovun adamlarıdır və bu sahədə olan mənimsəmələrlə bağlı ciddi araşdırmalar aparılacaq.

Xatırladaq ki, bu günə qədər SOCAR -da olan yeyintilərlə bağlı mətbuatda ciddi məlumatlar dolaşsa da, yayılan məlumatlarla bağlı şirkətin heç bir rəsmi açıqlamasına rast gəlinməyib.
Bəzi mətbuat orqanlarında yazılan məlumatlara görə, SOCAR-ın vitse- prezidenti Mikayıl İsmayılov həmçinin “evlər kralı” ləqəbi ilə də tanınır. Belə ki, onun təkcə Bakı şəhərində 200-dən artıq mənzili və evinin olduğu deyilir. O, kirayə ev biznesində möhkəm yerlərdən birisini tutur.

M.İsmayılovun Ağsu rayonu ərazisində də 10-a qədər mal-qara ferması və yüz hektarlarla örüş sahəsinin olduğu deyilir.

Digər məlumata görə, SOCAR-ın avtomobil parkının balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Buna səbəb bu maşınların texniki parametrlərindən getmir. Məsələ çox sadədir. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır - Mikayıl İsmayılov. Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibi odur.

SOCAR-ın balansında olan bütün bu avtomobillərə bəlli texniki xidmət mərkəzlərində texniki xidmət göstərilir və bu zaman yalnız “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilir. Həmin texniki xidmət mərkəzləri isə Mikayıl İsmayılova məxsusdur.

Görünən budur ki, şirkətin "qara qutusu"nun başı dərddədir. Kifayət qədər gəlir mənbəyi olan sahələrin əlindən alınması onu göstərir ki, artıq Mikayıl İsmayılovun "imperiyası"nın sonu yaxınlaşır.